Əliyev Kamran Əliqulu oğlu

Əliyev Kamran Əliqulu oğlu 15 avqust 1971-ci il tarixində Bakı şəhərində anadan olmuşdur. 1978-ci ildə 44 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktəbi bitirmişdir. 1988-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) “Radiotexnika” fakültəsinə qəbul olunmuş, 1993-cü ildə həmin fakültəni “Radio mühəndisi” ixtisası üzrə bitirmişdir. 1993-cü ildə Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunda (indiki Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu) “Beynəlxalq əlaqələr” şöbəsində əmək fəaliyyətinə başlamışdır. 1993-2002-ci illər ərzində həmin şöbədə böyük laborant, referent, şöbə rəhbəri vəzifəsinin icraçısı vəzifələrində çalışmışdır. 2002-ci ildə “Beynəlxalq əlaqələr” şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdur. Hal-hazırda həmin vəzifədə çalışır.

1996-1999-cu illərdə Milli Elmlər Akademiyasının aspiranturasında təhsilini davam etdirmişdir. Palçıq vulkanlarının radioaktiv və geokimyəvi sahələrinin öyrənilməsi üzrə elmi-tədqiqat işlərini apararaq, 2004-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş və 2006-cı ildə geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsi almışdır. Onlarla elmi məqalələrin müəllifi və həmmüəllifidir. Türkiyə, Rusiya, Cənubi Koreya, həmçinin bir sıra Avropa ölkələrində treyninq proqramları və birgə layihələrdə iştirak etmişdir. Bir çox qrant layihələri, dövlət proqramlarında iştirak edir və bu sahədə fəaliyyətini davam etdirir.

2016-cı ilin yanvar ayında AMEA Geologiya və Geofizika İnstitutunun Həmkarlar İttifaqı Təşkilatının sədri seçilmişdir.

Ailəlidir, iki övladı var.