Xəbərlər
02.09.2025 - 17:00
GƏNCƏ ŞƏHƏRİNDƏ UNIVERSİTETLƏRƏ QƏBUL OLUNAN GƏNCLƏR AMEA-NIN GƏNCƏ BÖLMƏSİ TƏRƏFİNDƏN TƏBRİK EDİLİB

AMEA Gəncə Bölməsinin Həmkarlar Təşkilatının təşkilatçılığı ilə AMEA Gəncə Bölməsində 2025-2026-cı tədris ilində övladları tələbə və magistr adını qazanmış, eləcə də özləri magistraturaya qəbul olunmuş əməkdaşlarla təbrik görüşü keçirilib. Görüşdə yeni tələbə adını qazanan gənclər də iştirak ediblər.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bu sevinc ovqatlı görüşün Gəncənin başlıca elm ocağında hər il universitetlərə qəbul prosesinin yekunlarından sonra keçirilməsinin xoş bir ənənə halını aldığını qeyd edərək, tələbə və magistrant adına sahib olmuş gəncləri və onların yaxınlarını təbrik edib. O, ölkəmizin daha işıqlı gələcəyinin bacarıqlı, savadlı və intellektual gəncliklə bağlı olduğunu və yetişməkdə olan nəslin bu yüksək hədəflərə çatması üçün ölkə rəhbərliyi tərəfindən onlara hər cür şərait yaradıldığını vurğulayıb.

Sonra cari tədris ilində magistraturaya daxil olan, həmçinin övladları tələbə adını qazanmış əməkdaşların, eləcə də necə deyərlər, onları sevindirmiş səbəbkar gənclərin siyahısı səsləndirilib. Akademik Fuad Əliyevin adından yerli Həmkarlar Təşkilatının sədri Nailə Hacıyeva 15 nəfərə gül və mükafatlar təqdim edib.