Xəbərlər
22.09.2025 - 11:11
MEK-DƏ “ULU ÖNDƏR HEYDƏR ƏLİYEV İDEYALARININ TƏNTƏNƏSİ: MÜSTƏQİL VƏ SUVEREN AZƏRBAYCAN” ADLI LEKTORİYA KEÇİRİLİB

AMEA Azad Həmkarlar İttifaqının (AHİ) sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov Mərkəzi Elmi Kitabxanada keçirilən Dövlət Suverenliyi Gününə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsi: Müstəqil və Suveren Azərbaycan” adlı lektoriyada çıxış edib.

Çıxışında Sənan Həsənov XX əsrin 90-cı illərində baş verən siyasi hadisələr fonunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışının xalqımızı və dövlətimizi parçalanmaq təhlükəsindən xilas etdiyini, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində həlledici rol oynadığını vurğulayıb.

O qeyd edib ki, məhz 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın neft strategiyasının yeni mərhələsini açaraq ölkəmizin iqtisadi qüdrətini möhkəmləndirib, beynəlxalq nüfuzunu artırıb.

AMEA AHİ sədrinin sözlərinə görə, Heydər Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı tam suveren dövlətə çevirib, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin strategiya uğurla davam etdirilir.

Tədbirdə, həmçinin, ölkənin tanınmış ziyalıları, alimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sonda qonaqlar Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi fəaliyyətinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.