AMEA Mərkəzi Elmi Kitabxananın və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə, alimlərin, Vətən müharibəsi qazilərinin və şəhid ailəsi üzvlərinin iştirakı ilə baş tutub. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, artıq Vətən müharibəsində qazanılan tarixi Qələbənin 5 illiyi qeyd olunur. O vurğulayıb ki, Qarabağ savaşı xalqımızın və müstəqil Azərbaycan dövlətinin tarixində ən şanlı səhifələrdən birini təşkil edir. Akademik qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu 30 il işğal altında qalmış torpaqlarımızı azad etdi. Bu, tarix boyu qazandığımız ən böyük qələbədir. İsa Həbibbəyli əlavə edib ki, Prezidentin müharibə dövründə verdiyi çoxsaylı müsahibələr həm müharibənin ideoloji əsasını təmin etdi, həm də xalqımızın birliyinə və səfərbərliyinə xidmət etdi. O, Azərbaycanın 44 gün ərzində öz taleyini həll etməyi bacaran, qalib ölkə statusu qazanan dövlət kimi dünyada nüfuz əldə etdiyini bildirib. Akademik vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin möhkəm dövlətçilik bünövrəsi və Prezident İlham Əliyevin sərkərdəlik məharəti xalqımızın qalib statusunu təmin etdi. Daha sonra şəhid ailələri söz alıblar. Şəhid kapitan Nurlan Mustafayevin anası Rahilə Ramazanova çıxış edərək Vətən qarşısında ana borcunu yerinə yetirdiyini qürurla bildirib. O vurğulayıb ki, müharibənin ağır nəticələri qaçılmaz idi, lakin torpaqların, qürurun və ləyaqətin qaytarılması mütləq idi. Vətən müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovun həyat yoldaşı Könül Həmidova əzizini itirməyin acısı ilə qüruru birgə yaşadığını qeyd edib və tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Şəhid kapitan Həmidağa Hüseynzadənin atası Bağı Həmidzadə və şəhid Rauf İbadovun atası Məhərrəm İbadov da çıxış edərək, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yetişən zabit və əsgərlərin şərəfli missiyanı layiqincə yerinə yetirdiklərini vurğulayıblar. AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxışında 44 günlük Vətən müharibəsində əldə edilən Qələbənin xalqımızın birlik və qəhrəmanlığının bariz göstəricisi olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, şəhidlərin əziz xatirəsi daim ehtiramla yad olunacaq və gənc nəslə bu Qələbənin fəlsəfəsini ötürmək hər birimizin vəzifəsidir. Sənan Həsənov əlavə edib ki, Mərkəzi Elmi Kitabxanada şəhid və qazilərin şücaətlərinin əbədiləşdirilməsi istiqamətində çoxsaylı tədbirlər keçirilib. Həmçinin akademiya kollektivində şəhid ailələrinin üzvləri və qazi əməkdaşların fəaliyyət göstərdiyini diqqətə çatdıraraq, onlara minnətdarlığını ifadə edib. Tədbirin sonunda MEK-in Qarabağ müharibəsi fondunun müdiri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə çıxış edərək, kitabxanada şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb. O qeyd edib ki, bu mövzuda yeni nəşrlər, elmi işlər və məlumatlar toplanaraq gələcək nəsillərə ötürülür.













1545120462.jpg)



