Xəbərlər
02.10.2025 - 17:33
AMEA AZAD HƏMKARLAR İTTİFAQINDA YERLİ TƏŞKİLATLARLA GÖRÜŞ KEÇİRİLİB.

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyanın qarşıya qoyduğu yeni fəaliyyət proqramına və Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının illik planına uyğun olaraq yerli təşkilatlarla görüş keçirilib.

Görüşdə AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev, üzv, tabe və tərəfdaş təşkilatlarla iş və maarifləndirmə şöbəsinin müdiri İlahə Abbaszadə, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, əməkdaşlar Rəyasət Heyətinin üzvləri, yerli təşkilatların sədrləri və əlaqədar şəxslər iştirak etmişlər.  

Tədbiri açaraq AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov yerli təşkilatlarda işçilərin əmək hüquqlarının qorunması, onların sosial müdafiəsinin gücləndirilməsi və əməyin mühafizəsinin vacib məsələlərdən olduğunu qeyd edərək, daim monitorinqlər aparıldığını bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə dair yenilikləri diqqətə çatdırıb.  

Sədr eyni zamanda bildirib ki, yerli təşkilatlarda olan şəffaflıq ittifaqın fəaliyyətindəki şəffaflıq deməkdir. İttifaqın fəaliyyətində olan şəffaflıq isə ümumi Konfederasiyanın imicinə müsbət təsir göstərir. Qarşıya qoyulmuş məqsədlərin uğurla yerinə yetirilməsinə səbəb olur. Həmkarlar ittifaqı üzvlərinin hər birinin bu islahatlarda rolu var və hərkəs öz  nümunəvi fəaliyyəti ilə fəal olmalıdır.

Sədr Prezident İlham Əliyevin “AMEA-nın 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrası ilə görülən işlərdən söhbət açaraq dəvət edilən çox saylı xarici qonaqların qəbul edilməsindən və  həmkarların dəstəyi ilə üzərində akademiyanın loqosu həkk olan xatirə hədiyyələrinin alınmasından söhbət açıb.  Bundan əlavə AMEA-nın 80 illiyi münasibətilə futbol yarışlarının keçirilməsi üçün hazırlıqlar görüldüyünü diqqətə çatdırıb. Yeni-yeni layihələrin ərsəyə gətirilməsi ilə bağlı bu sıra təkliflər səsləndirib.   

Sonra AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev çıxış edərək  dövlət başçısının  həmkarlar sahəsində müəyyən etdiyi vəzifə və məqsədlərə uyğun olaraq Həmkarlar İttifaqları Konfederasiyasının apardığı yeni islahatlardan söhbət açıb. O qeyd edib ki, biz qısa müddət ərzində islahatlar paketinə başladıq və bizim fəaliyyət istiqamətlərimizin hər biri üzrə işlərə start verdik. Belə ki, əmək və işçilərin sosial hüquqlarının qorunması bizim əsas prioritetimizdir. Bizim əsas fəaliyyət istiqamətlərimziin biri də budur ki, biz işçilərimizin hüquqlarını qoruyaq, hüquqlarının müdafiəsində təmsilçi olaq və bu istiqamətdə işlərimizi davam etdirməliyik. Qanunvericilik çərçivəsində əməkdaşlığımızın həyata keçrilməsi, üzvlərimizlə maairfləndirmə tədbirlləri aparmaq vacibdir. Üzvlər bilməlidir ki, onların qanun mənafelərinin müdafiəçisi məhz Həmkarlar İttifaqıdır.

Daha sonra AHİK-in üzv, tabe və tərəfdaş təşkilatlarla iş və maarifləndirmə şöbəsinin müdiri İlahə Abbaszadə çıxış edərək, üzv təşkilatlarla işin şəffaf qurulması, maarifləndirmə prosesinin  aparılmasının birbaşa AHİK-in nəzarətində olduğunu,  təşkilatları daha yaxından tanımaq, onların təkliflərini rəylərini öyrənmək, düzgün koordinasiyalı şəkildə işləməyin önəmindən söhbət açdı. O bildirdi ki, zəncirvari bağlılııq bunu deməyə əsas verir ki, bütün üzv təşkilatlar, ittifaq  və konfederasiya səviyyəsində bir-birilə sıx əlaqələr qurmalıdır. Bu bizim ümumi işimizi uğurlu edən əsas amildir.

İclasda çıxış edən digər iştirakçılar əməyin mühafizəsi,  işçilərin sosial durumunun gücləndirilməsi, əməkdaşların sosial şəraitinin yaxşılaşdırılması, mənzil və tibbi müayinə  problemlərinin həlli məsələlərində bir sıra addımlar artırılmasını vacibliyi diqqətə çatdıraraq yeni təkliflər səsləndirdilər.

İclasda qaldırılmış rəy və fikirlərin aktuallığını nəzərə alınaraq Rəyasət Heyətinin iclasına tövsiyə olunmuş və onların həll yolları müzakirə edilimişdir.