Xəbərlər
03.11.2025 - 12:00
44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİNDƏ QƏHRƏMANLIQLA ŞƏHİD OLAN ƏLƏDDİN SƏİDOVUN MƏZARI ZİYARƏT EDİLİB

   Noyabrın 3-də 44 günlük Vətən müharibəsi şəhidi Ələddin Səidovun şəhidlik zirvəsinə ucalmasının beşinci ildönümü ilə bağlı mərasim keçirilib.

   Tədbirdə şəhidin ailə üzvləri, Nərimanov Rayon İcra Hakimiyyətinin və YAP Nərimanov Rayon Təşkilatının rəhbərliyi və əməkdaşları, millət vəkilləri, AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova, eləcə də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin kollektivi iştirak edərək şəhid Ələddin Səidovun məzarını ziyarət ediblər.

   Mərasimdə Ələddin Səidovun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub. Onun və torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.

   Şəhid Ələddin Səidov 2020-ci il noyabrın 3-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olub. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Ələddin Səidov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

  Allah rəhmət eləsin!