Xəbərlər
16.01.2026 - 18:00
MƏMMƏDAĞA SƏRDAROVUN 85 İLLİYİ QEYD OLUNUB

AMEA Azad Həmkarlar İttifaqının təşəbbüsü ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü Məmmədağa Sərdarovun anadan olmasının 85 illiyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları institutun həmkarlar təşkilatı tərəfindən təşkil edilmiş kitab sərgisində yubiliyarın kitabları və əmək fəaliyyəti dövründə aldığı mükafatlarla tanış olublar.

Tədbirdə institutun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, direktorun birinci müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək yubilyarın həyatı, elmi fəaliyyəti və bədii yaradıcılığı barədə iştirakçılara geniş məlumat veriblər. Onun vaxtilə Fəlsəfə və Sosiologiya İnstitutunda “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi kimi apardığı fundamental tədqiqatlardan danışılıb.

AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, fəlsəfə doktoru, dosent Sənan Həsənov yubilyarın peşə fəaliyyəti dövründə əmək intizamının, dövlətçiliyə sədaqətinin və parlaq həyat yolunun gənc nəslə örnək olduğunu xüsusi vurğulayıb. Bu münasibətlə ona rəhbərlik etdiyi təşkilatın Fəxri Fərmanını təqdim edib.

Tədbirdə çıxış edən digər natiqlər də yubilyara ən xoş arzularını bildiriblər.

Sonda bütün iştirakçılara təşəkkür edən Məmmədağa Sərdarov 20 ildən artıq işlədiyi doğma kollektivin ona olan sevgisinə və AMEA Azad Həmkarlar İttifaqının ona göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.