Xəbərlər
22.01.2026 - 18:00
AMEA-NIN “ELM” NƏŞRİYYATININ 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Elm” nəşriyyatının 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov Rəyasət Heyətinin üzvləri, elmi müəssisə və təşkilatların rəhbərləri, tanınmış alim və ziyalılar, dövlət və özəl nəşriyyatların nümayəndələri iştirak edib.

Tədbir çərçivəsində “Elm” nəşriyyatının Azərbaycan elminin inkişafında, elmi biliklərin yayılmasında və milli kitab mədəniyyətinin formalaşmasında oynadığı mühüm rol xüsusi vurğulanıb. Çıxış edənlər nəşriyyatın bir əsrlik zəngin fəaliyyət yolundan, keçdiyi inkişaf mərhələlərindən və müasir dövrdə qarşıda duran vəzifələrdən bəhs ediblər.

AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxışında “Elm” nəşriyyatının kollektivini əlamətdar yubiley münasibətilə təbrik edib, nəşriyyat əməkdaşlarının elmi və ictimai fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, elmi nəşrlərin hazırlanması və yayımı elm adamlarının əməyinin cəmiyyətə çatdırılmasında mühüm vasitədir və bu baxımdan “Elm” nəşriyyatı Azərbaycan elminin etibarlı tribunasına çevrilib.

Sonda yubiley münasibətilə nəşriyyatın elmi və ictimai həyatında fəal iştirakına görə “Elm” nəşriyyatının bir qrup əməkdaşı AMEA Azad Həmkarlar İttifaqının Fəxri fərmanları ilə təltif olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.