Xəbərlər
05.02.2026 - 18:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQI TƏRƏFİNDƏN YERLİ TƏŞKİLATLARDA GÖRÜŞLƏR DAVAM ETDİRİLİR.

Növbəti görüş Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Bölməsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən həyata keçirilən yeniliklər və Bölmənin Həmkarlar Təşkilatının hesabat dövrü üzrə fəaliyyəti ilə bağlı keçirilib.

Görüşdə AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova, beynəlxalq məsələlər üzrə mütəxəssis Aygün Cabbarova, AMEA-nın Gəncə Bölməsinin rəhbərliyi, Həmkarlar Təşkilatının üzvləri və əməkdaşlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədr müavini Rasim Tağıyev həmkarlar ittifaqlarının əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi, onların hüquq və mənafelərinin qorunması istiqamətində mühüm rol oynadığını qeyd edib. O bildirib ki, keçirilən görüşün məqsədi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən yeniliklər barədə məlumat vermək, eyni zamanda Gəncə Bölməsinin Həmkarlar Təşkilatının hesabat dövründə gördüyü işləri müzakirə etməkdir. Rasim Tağıyev bu cür görüşlərin həmkarlar ittifaqı üzvlərinin məlumatlandırılması və təşkilati fəaliyyətin daha da təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, iştirakçılar kollektiv xatirə şəkli çəkdiriblər.

Daha sonra AMEA-nın Gəncə Bölməsinin Həmkarlar Təşkilatının sədri Nailə Hacıyeva hesabat dövründə təşkilat tərəfindən həyata keçirilmiş tədbirlər və görülmüş işlər barədə geniş məruzə ilə çıxış edib. O bildirib ki, hesabat ili ərzində Həmkarlar Təşkilatı öz fəaliyyətini qanunvericiliyin tələblərinə, təşkilatın nizamnaməsinə və sosial tərəfdaşlıq prinsiplərinə uyğun şəkildə quraraq əməkdaşların sosial-iqtisadi hüquqlarının qorunması, onların rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirib. Bu fəaliyyətin əsasında AHİK tərəfindən ilk təşkilatların qarşısında qoyulmuş şəffaflıq, operativlik prinsipi əsasında yerli təşkilatlara verilən tapşırıqlar dayanıb. Bu tapşırıq Həmkarlar Təşkilatı tərəfindən əməkdaşların əməyinin stimullaşdırılmasına, kollektivdə həmrəyliyin gücləndirilməsinə və əməkdaşların sosial rifahının yaxşılaşdırılmasına mühüm töhfə verib.

Məruzədə həmçinin qeyd olunub ki, Həmkarlar Təşkilatı tərəfindən dövlət və ictimai əhəmiyyətli günlər, anım mərasimləri, yubileylər və digər əlamətdar hadisələrlə bağlı tədbirlər, dəyirmi masalar və görüşlər təşkil edilib. Bu tədbirlər əməkdaşlar arasında vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə, kollektiv münasibətlərin gücləndirilməsinə və sağlam sosial mühitin formalaşdırılmasına mühüm təsir göstərib.

Nailə Hacıyeva çıxışının sonunda bildirib ki, Həmkarlar Təşkilatı bundan sonra da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən yeniliklərin tətbiqinə və üzvlərin bu imkanlardan səmərəli istifadə etməsinə xüsusi diqqət yetiriləcəkdir.

Daha sonra çıxış edən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən həyata keçirilən yeniliklər, həmkarlar ittifaqlarının fəaliyyətinin müasirləşdirilməsi, rəqəmsallaşma istiqamətində görülən işlər və üzvlərə təqdim olunan yeni sosial imkanlar barədə ətraflı məlumat verib. O, xüsusilə “AHİK Plus” platformasının əhəmiyyətindən bəhs edərək bildirib ki, layihə həmkarlar ittifaqı üzvlərinin sosial rifahının yüksəldilməsinə xidmət edir və onlara müxtəlif tərəfdaş müəssisələrdə təqdim olunan endirimlərdən, güzəştlərdən və bonus imkanlarından yararlanmaq imkanı yaradır.

Şəhla Əmirova Gəncə Bölməsinin Həmkarlar Təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək görülən işlərin əməkdaşların sosial müdafiəsinin gücləndirilməsinə və kollektivdə sağlam iş mühitinin formalaşdırılmasına mühüm töhfə verdiyini qeyd edib.

Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb, həmkarlar ittifaqlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb və bu cür hesabat xarakterli görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulanıb.