Fevralın 9-da AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) hərbiləşdirilməmiş dəstələrə daxil olmayan əməkdaşların mülki müdafiə hazırlığı mövzusunda iclas keçirilib. İclasda RSXM-nin baş direktorunun müavinləri, müvafiq şöbələrin rəhbərləri və əməkdaşları iştirak ediblər. İclasda şıxış edən RSXM-nin Mülki Müdafiə Qərargahının rəisi Azad Rzayev ölkəmizdə Mülki Müdafiə tədbirlərinin təşkili və bu sahədə olan qanunvericilik aktlarından danışıb. Mülki Müdafiə tədbirlərinin bütün sahələrdə keçirildiyini bildirən qərargah rəisi “Xəbərdarlıq və Toplanış” üzrə məşqin keçirilməsi qaydalarından da ətraflı danışıb. A.Rzayev öz çıxışında həmçinin hərbiləşdirilməmiş dəstələrə daxil olmayan əməkdaşların mülki müdafiə hazırlığı sahəsində RSXM-də görülən işlər və 2026-ci ildə həyata keçirilməsi nəzərdə tutulan təlimlər haqqında da məlumat verib. Həmçinin əməkdaşları maraqlandıran suallara aydınlıq gətirilib. İclasda həmçinin 2 Fevral – Gənclər Günü münasibəti ilə AMEA nəzdində RSXM-nin rəhbərliyi və Həmkarlar Təşkilatı tərəfindən mərkəzin təltif edilmiş bir qrup gənc alim və mütəxəssisinə “Fəxri Fərman” verilib. RSXM-nin baş direktorunun elmi işlər üzrə müavini, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov bildirib ki, hər il mərkəz rəhbərliyi tərəfindən elmi və ictimai sahədə aktiv olan gənclərin fəaliyyəti qiymətləndirilir. Gənclərə elmi sahədə daha da fəal olmağı tövsiyə edən edən baş direktorun müavini elmin və informasiya texnologiyalarının inkişafının bütün sahələr kimi elm sahəsində də çeviklik tələb etdiyini deyib. Daha sonra RSXM-nin beş nəfər əməkdaşı – “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin əməkdaşları Afaq Səmədzadə və İlhamə Cəlilova, “Kompleks geokimyəvi tədqiqatlar” şöbəsinin əməkdaşları Simarə Məmmədzadə və Xoşqədəm İsmayılova, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin əməkdaşı Nərmin Təhlətli “Fəxri Fərman”la təltif ediliblər.









1545120462.jpg)



