Fevralın 16-19-da Naxçıvan Muxtar Respublikasında şəhid övladları üçün növbəti qış düşərgəsi təşkil olunub. Layihə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tərəfdaşlığı, “Azərbaycan Hava Yolları” QSC və AHİK-in üzv təşkilatı Naxçıvan Həmkarlar İttifaqları Şurasının dəstəyi, həmçinin “YAŞAT” Fondunun təşkilatçılığı ilə həyata keçirilib. Düşərgənin məqsədi uşaqlarda qış idman oyunlarına maraq oyatmaq, yeni dostluqların qurulması üçün şərait yaratmaq olub. Layihənin ilk günündə iştirakçılar “Duzdağ” müalicə mərkəzinə ekskursiya edib və AHİK-in fəaliyyətindən bəhs edən videoçarx izləyiblər. Sonrakı günlərdə uşaqlar “Ağbulaq” istirahət mərkəzində xizək dərslərində, kirşə sürüşlərində və digər əyləncəli oyunlarda iştirak ediblər. Düşərgə çərçivəsində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və AHİK sədrinin müavini, Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev uşaqlarla çay süfrəsi ətrafında söhbət aparıblar.






1545120462.jpg)



