Xəbərlər
27.02.2026 - 14:22
AHİK NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ TURİZMİN İNKİŞAF PERSPEKTİVLƏRİNƏ DAİR İCTİMAİ DİNLƏMƏDƏ İŞTİRAK EDİB

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmə keçirilib.

Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə və Mədəniyyət komitələrinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Dövlət Turizm Agentliyinin, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının, “Kurort” QSC-nin və “Luna Travel” turizm şirkətinin nümayəndələri iştirak ediblər.

Dinləmədə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Azərbaycanda turizmin dinamik inkişafından, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Konfederasiya sədri bildirib ki, ölkəmizin zəngin təbii resursları, iqlim müxtəlifliyi, müalicəvi suları, tarixi-mədəni irsi və qonaqpərvərlik ənənələri turizmin, xüsusilə sağlamlıq turizminin genişlənməsi üçün əlverişli zəmin formalaşdırır.

Eyni zamanda son illər Konfederasiyada həyata keçirilən institusional islahatlar, idarəetmənin təkmilləşdirilməsi, infrastrukturun müasir tələblərə uyğunlaşdırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Tədbir çərçivəsində nümayiş etdirilən videoçarxda Konfederasiyanın müalicə, sağlamlıq və istirahət mərkəzlərində yaradılmış şərait və tətbiq olunan müalicə prosedurları iştirakçılara təqdim olunub.

Tədbirdə qeyd olunub ki, cənab Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş dövlət proqramları, həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, regionlarda müasir turizm obyektlərinin yaradılması və Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi turizm sektorunun inkişafına mühüm töhfələr verib.

Dinləmədə çıxış edənlər Azərbaycanda turizmin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətindən, ölkəyə səyahətin asanlaşdırlması tədbirlərindən bəhs edib, ölkəmizdə turizmin inkişaf perspektivləri barədə qeyd və təkliflərini bildiriblər.