Xəbərlər
04.03.2026 - 13:21
AMEA AZAD HƏMKARLAR İTTIFAQININ İLK TƏŞKILATLARINDA XOCALI SOYQIRIMININ 34-CÜ ILDÖNÜMÜ İLƏ BAĞLI SILSILƏVI ANIM TƏDBIRLƏRI KEÇIRILIB

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində fəaliyyət göstərən AMEA Azad Həmkarlar İttifaqının ilk təşkilatlarında Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar silsiləvi anım tədbirləri keçirilib.

Anım mərasimləri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda, Memarlıq və İncəsənət İnstitutunda, Nəsimi adına Dilçilik İnstitutunda, Arxeologiya və Antropologiya İnstitutunda, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində, AMEA Mərkəzi Elmi Kitabxanasında, AMEA-nın Tarix və Etnologiya İnstitutunda, Fəlsəfə və Sosiologiya İnstitutu, AMEA-nın Şəki Regional Elmi Mərkəzində və akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda təşkil olunub.

Tədbirlərdə 26 fevral 1992-ci ildə baş vermiş faciənin tarixi-siyasi mahiyyəti, dinc əhaliyə qarşı törədilmiş ağır cinayətlərin nəticələri, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktları və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyəti geniş şəkildə vurğulanıb. Çıxış edənlər Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşında silinməz iz buraxdığını bildirərək, şəhidlərin əziz xatirəsinin daim ehtiramla anıldığını qeyd ediblər.

Anım mərasimlərində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, mövzuya həsr edilmiş məruzələr dinlənilib, sənədli materiallar nümayiş etdirilib və maarifləndirici təqdimatlar keçirilib. Xocalı soyqırımının törədilməsindən 34 il ötür. Dünya tarixində dinc əhaliyə qarşı törədilmiş ən ağır kütləvi qırğınlardan biri kimi dərin iz buraxmış bu faciənin anılması, həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və gələcək nəsillərə ötürülməsi məqsədilə AMEA Mərkəzi Elmi Kitabxanasında soyqırıma dair nəşrlərdən ibarət geniş kitab sərgisi də təşkil edilib.

Keçirilən tədbirlərdə həmçinin vurğulanıb ki, Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsi, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və tarixi ədalətin bərpası istiqamətində maarifləndirmə işləri ardıcıl şəkildə davam etdirilməlidir. AMEA Azad Həmkarlar İttifaqının ilk təşkilatları milli yaddaşın qorunması və tarixi həqiqətlərin təbliği sahəsində fəaliyyət proqramını il boyu həyata keçirirlər.