AMEA Nəsimi adına Dilçilik İnstitutunda Həmkarlar Təşkilatının təşkilatçılığı ilə 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli açaraq mötəbər elm məbədində işləyən xanım əməkdaşları və onların timsalında bütün Azərbaycan qadınlarını təbrik edib, onlara cansağlığı və gələcək elmi fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb. Professor bildirib ki, bütün sahələrdə olduğu kimi, elmi fəaliyyət sahəsində də Azərbaycan qadınları olduqca fəaldırlar. Demək olar ki, elmin bütün sahələrində Azərbaycanın qadın alimləri dünya elminin nailiyyətləri səviyyəsində mühüm uğurlara imza atmışlar. Nadir Məmmədli vurğulayıb ki, xanımlar, bundan sonra da dilçilik elminin inkişafı, ana dilinin saflığının qorunması, gənc alimlər nəslinin formalaşdırılması, yeni elmi biliklərin yaradılması işində yaxından iştirak edərək Azərbaycan elminin inkişafına öz töhfələrini verəcəkdir. Daha sonra Dilçilik İnstitutu Həmkarlar təşkilatının sədri filologiya elmləri doktoru Qətibə Mahmudova institutun bütün qadınlarını səmimi qəlbdən təbrik etmiş və Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Həmkarlar İttifaqının sədri dosent Sənan Həsənovun təbriklərini də institutun qadın həmkarlarına çatdırmışdır. Qətibə Mahmudova çıxışında elm və təhsil sahəsində uğurlar qazanan qadınların cəmiyyətin ictimai həyatında artan rolundan, ölkənin inkişafına verdikləri töhfələrdən söhbət açıb. İnstitut Həmkarlar Təşkilatının büdcəsi hesabına institutun 130 qadın əməkdaşına Bazarstor mağazalar şəbəkəsindən armudu stəkan dəstinin təqdim olunmasını qeyd etmişdir. Tədbirdə çıxış edənlər bildirib ki, bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılıb. Tədbirin sonunda institutun elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə seçilən bir qrup qadın əməkdaşa Həmkarlar Təşkilatı tərəfindən Təşəkkürnamə və gül dəstələri təqdim olunub.







1545120462.jpg)



