Xəbərlər
10.03.2026 - 10:00
FƏLSƏFƏ VƏ SOSİOLOGİYA İNSTİTUTUNUN HƏMKARLAR TƏŞKİLATI RƏFİQƏ ƏZİMOVANI ZİYARƏT EDİB.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən Əməkdar Elm Xadimi, fəlsəfə üzrə elmlər doktoru, tanınmış sosioloq Rəfiqə Əzimovanın evində ziyarət təşkil olunub.

Təşkilatın sədri Asya Əhmədovanın təşəbbüsü ilə keçirilən görüş zamanı görkəmli alim Rəfiqə Əzimova uzun illər ərzində institutda apardığı elmi fəaliyyətindən bəhs edib. O bildirib ki, ömrünün 55 ilini Fəlsəfə və Sosiologiya İnstitutunda elmi fəaliyyətə həsr edib və bu illər ərzində Azərbaycan sosiologiya elminin inkişafı istiqamətində mühüm tədqiqatlar aparıb.

İnstitut əməkdaşlarının ziyarətini böyük sevinclə qarşılayan Rəfiqə Əzimova göstərilən diqqət və ehtirama görə təşəkkürünü bildirib, 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə öz xoş arzularını çatdırıb.

Görüş zamanı alimə bayram münasibətilə xoş arzular bildirilib, ona möhkəm cansağlığı və uzun ömür arzulandığı qeyd olunub.