“Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq”. Bakı – 2025, “Bəxtiyar-4”, 319 səh. Ulu Öndər Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsinə dair nəşr olunan bu topluda müdrik siyasətçi, müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu Heydər Əliyevin milli dövlətçilik siyasətinin mühüm məqamları, xüsusilə ölkəmizin inkişafının müasir mərhələsi üçün mühüm əhəmiyyət daşıyan cəhətləri araşdırılır. Bu zəngin irsdə milli kimlik, milli-mənəvi dəyərlər, azərbaycançılıq ideologiyası, dövlət quruculuğunda tarixi və sosial yaddaş, dil və siyasət məsələləri, etik prinsiplər və dövlətçiliyimizi gücləndirən digər amillər təhlil olunur. Heydər Əliyevin siyasi irsi liderlik, dövlətçilik və müasirlik kontekstində tədqiq edilir. Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin sülh, əməkdaşlıq və quruculuq fəlsəfəsi araşdırılır və təhlil edilir. Kitab elmi ictimaiyyət və geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur. “İlham Əliyev: milli ideya, suverenlik və yeni liderlik təcrübəsi”. Bakı: “Bəxtiyar-4” İKF mətbəəsi, 2025, 254 s. Kitabda Ulu Öndər Heydər Əliyevin siyasi irsində, Prezident İlham Əliyevin nitqlərində və müsahibələrində irəli sürülən milli ideya, suverenlik, konstitusiya, yeni dünya nizamı, həmçinin hazırkı dövrün çağırışları ilə əlaqədar yer alan digər elmi, nəzəri, siyasi və fəlsəfi müddəalar tədqiq edilmişdir. Xüsusilə Prezident İlham Əliyevin yeni liderlik təcrübəsi, milli ideologiya, kollektiv yaddaş, identiklik, xalq-dövlət birliyinin qarşılıqlı əlaqələri geniş fəlsəfi təhlil edilmişdir. Cənubi Qafqazın yeni geosiyasi mənzərəsində Azərbaycan Respublikasının yeri və rolu, milli ideyadan ümumtürk birliyinə keçid, türk dövlətlərinin inteqrasiyası yolunda Azərbaycan Respublikasının təşəbbüskar fəaliyyəti və məqsədyönlü səyləri də əsərdə öz əksini tapmışdır. Kitab elmi ictimaiyyət və geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur. Hər iki kitab AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda hazırlanmış, “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” şöbəsinin əməkdaşları – professor İ.Məmmədzadə, f.e.d. Eynulla Mədətli, dosent Sənan Həsənov, f.e.d. R.Qurbanov, dosent H.Hüseynov və f.u.f.d. V.Zülfüqarovun həmmüəllifliyi ilə ərsəyə gəlmişdir.


1545120462.jpg)



