Konfrans 31 mart 2026-cı il tarixində Quba rayonunda Quba Rayon İcra Hakimiyyəti, Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Quba, Yasamal və Səbail rayon təşkilatlarının birgə təşkilatçılığı ilə həyata keçirilib. Quba rayon Heydər Əliyev Mərkəzində keçirilən konfransda dövlət və ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları, elmi ictimaiyyətin təmsilçiləri, ziyalılar, gənclər və ictimai fəallar iştirak ediblər. Tədbirdə həmçinin Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov də iştirak edib. Konfrans iştirakçıları əvvəlcə Quba şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbir iştirakçıları mərkəzdə Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, Ümummilli Liderin, Vətən uğrunda canlarından keçmiş şəhidlərin və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca 31 Mart soyqırımı qurbanlarına həsr olunmuş videoçarx nümayiş etdirilib. Konfransda çıxış edən natiqlər son iki əsr ərzində azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinin mahiyyəti və tarixi faktlar əsasında xronologiyası barədə geniş məlumat veriblər. Qeyd olunub ki, müxtəlif dövrlərdə ölkəmizin bir sıra bölgələrində törədilmiş kütləvi qırğınlar xalqımıza qarşı aparılan məqsədli və sistemli siyasətin tərkib hissəsi olub. Bildirilib ki, bu faciələrin unudulmaması, tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə mümkün olub və onun 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Tədbirdə həmçinin qeyd olunub ki, Azərbaycan xalqı tarix boyu üzləşdiyi ağır faciələrə baxmayaraq milli birliyini və mübarizə əzmini qoruyub saxlayıb. Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə ölkəmizin gücünü və həmrəyliyini bir daha nümayiş etdirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti milli birliyimizin uğurlu təminatını yaradıb. Konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb, xatirə şəkilləri çəkdirilib. Tədbirdən sonra iştirakçılar Şəhidlər Xiyabanını və Quba Soyqırımı Memorial Kompleksini ziyarət edərək şəhidlərin və soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Sonda ağacəkmə aksiyası həyata keçirilib.





1545120462.jpg)



