Xəbərlər
06.05.2026 - 10:00
AMEA FOLKLOR İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV VƏ AKADEMİK ZƏRİFƏ ƏLİYEVANIN ANADAN OLMASININ 103-CÜ İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB.

AMEA Folklor İnstitutunun və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və akademik Zərifə Əliyevanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, eləcə də institutun rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru  Hikmət Quliyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin qorunmasında və elmi-mədəni mühitin inkişafında müstəsna rolunu vurğulayıb.

Daha sonra çıxış edən Bəxtiyar Nəbiyev Ulu Öndərin sovet dövründə və müstəqillik illərində həyata keçirdiyi siyasi və iqtisadi islahatlardan, milli-mənəvi dəyərlərin qorunmasına yönəlmiş fəaliyyətindən bəhs edib.

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov isə çıxışında Heydər Əliyevin təhsil və kitabxana sahəsinə göstərdiyi diqqəti qeyd edərək, bu siyasətin bu gün də uğurla davam etdirildiyini bildirib.

AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov çıxışında Ulu Öndərin zəngin siyasi irsinin müasir Azərbaycanın inkişafında əsas istiqamətverici rol oynadığını vurğulayıb. O qeyd edib ki, Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs milli maraqların qorunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə və cəmiyyətin ideoloji birliyinin təmin olunmasına xidmət edir.

Sənan Həsənov müasir dövrdə qlobal çağırışlar və beynəlxalq münasibətlər fonunda Azərbaycanın artan roluna diqqət çəkərək bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasi xətt uğurla davam etdirilir, ölkəmiz regional və beynəlxalq səviyyədə sabitlik və əməkdaşlıq təşəbbüsləri ilə seçilir.

Tədbirdə digər məruzələrlə çıxış edən  Azərbaycan Dillər Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru İradə Sərdarova, Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova və Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva mövzu ətrafında fikirlərini bölüşərək Ulu Öndərin milli kimlik, mədəniyyət və folklor siyasətindəki rolunu diqqətə çatdırıblar.

Sonda Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edilib.