Xəbərlər
05.05.2026 - 17:18
MEK-DƏ HEYDƏR ƏLİYEVİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB.

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Kitabxanaşünaslığın aktual problemləri” mövzusunda II Respublika elmi konfransı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad edib, Dövlət Himni səsləndirilib, şəhidlərin və Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfransı giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ulu Öndərin Azərbaycan dövlətçiliyində, elm və mədəniyyətin, o cümlədən kitabxana işinin inkişafındakı müstəsna xidmətlərini vurğulayıb. Bildirilib ki, Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

MEK-in direktoru Hüseyn Hüseynov çıxış edərək qeyd edib ki, kitabxanaların inkişafı və zənginləşdirilməsi məhz Ulu Öndərin adı ilə bağlıdır və bu siyasət müasir dövrdə yeni texnologiyalar və rəqəmsallaşma istiqamətində davam etdirilir.

Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov da iştirak edib.

Konfrans çərçivəsində kitabxanaşünaslığın aktual problemləri, rəqəmsallaşma, süni intellektin tətbiqi və kitabxana-cəmiyyət münasibətləri kimi mövzular müzakirə olunub.

 Çıxış edənlər natiqlər və iştirakçılar tədbirin kitabxana işinin inkişafına, elmi müzakirələrin genişlənməsinə və müasir yanaşmaların formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.