Xəbərlər
12.05.2026 - 13:17
ARXEOLOGİYA VƏ ANTROPOLOGİYA İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ÜÇÜN LƏNKƏRAN VƏ LERİK RAYONLARINA TURİST SƏFƏRİ TƏŞKİL OLUNUB

3 may 2026-cı il tarixində AMEA Arxeologiya və Antropologiya İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə institutun 53 nəfər əməkdaşı üçün Lənkəran və Lerik rayonlarına turist səfəri təşkil edilib.

Turun əsas məqsədi əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, kollektiv üzvləri arasında həmrəyliyin daha da möhkəmləndirilməsi və ölkəmizin gözəl guşələrinin tanıdılması olub.

Səfər iştirakçıları Bakutour MMC tərəfindən təmin olunan xüsusi avtobusla yola düşərək ilk olaraq Salyan rayonunda yerləşən Yolüstü restoranında səhər yeməyi ediblər.

Daha sonra əməkdaşlar Lənkəran rayonunun ecazkar təbiəti ilə seçilən Xanbulan gölü ətrafında yerləşən Sərin Məkan ailəvi istirahət mərkəzində istirahət edib, bölgənin gözəl təbiət mənzərələrini seyr ediblər. Tur çərçivəsində iştirakçılar həmçinin Lerik rayonunda yerləşən Meşəbəyi sanator-kurort mərkəzində olub, xoş və yaddaqalan vaxt keçiriblər.

Səfər zamanı əməkdaşlar Osakücə kəndində yerləşən Rahat Məkan ailəvi istirahət mərkəzində nahar edib, bölgənin füsunkar təbiətindən zövq alıblar. Tur iştirakçıları üçün maraqlı istirahət proqramı təşkil olunub, xatirə şəkilləri çəkilib, musiqi sədaları altında əyləncəli anlar yaşanıb.

Səfər iştirakçıları onlar üçün yaradılmış şəraitdən məmnun qaldıqlarını bildirərək, tur proqramının təşkilində əməyi olan hər kəsə təşəkkürlərini ifadə ediblər.