AMEA –nın futbol komandası “Sağlam həmkar” mİnİfutbol turnİrİndə uğurlu çıxış edİb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) birgə təşkilatçılığı ilə keçirilən “Sağlam həmkar” minifutbol turnirinə start verilib.
Turnirdə AHİK-in üzv təşkilatlarını təmsil edən 17 komanda 4 qrup üzrə mübarizə aparır. Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının dəstəyi və təşkilatçılığı ilə formalaşmış komandamız yarışda iştirak edərək B qrupunda mübarizə aparır.
Komandamız turnirə uğurlu start verərək ilk oyununda “Bakı Steel Company” QSC işçilərinin komandasını 2:1 hesabı ilə məğlub edib və turnirdə ilk qələbəsini qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada AMEA komandasının üzvləri yüksək oyun intizamı, əzm və komanda ruhu nümayiş etdirərək növbəti mərhələlərə iddialı olduqlarını təsdiqləyiblər.
Qeyd edək ki, “Sağlam həmkar” minifutbol turnirinin keçirilməsində əsas məqsəd sağlam həyat tərzinin təşviqi, həmkarlar ittifaqları üzvləri arasında dostluq münasibətlərinin və həmrəyliyin möhkəmləndirilməsi, eləcə də idmana marağın artırılmasıdır.
Turnir iyulun 10-da keçiriləcək final oyunu ilə başa çatacaq.