İyunun 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Nüfuzlu Liderin böyük xilaskarlıq missiyası” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbirdə çıxış edən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin xilası və gələcək inkişafının əsasının qoyulduğu mühüm tarixi mərhələ olduğunu vurğulayıb. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik bərqərar olub, dövlət idarəçiliyi möhkəmlənib və davamlı inkişafın strateji istiqamətləri müəyyənləşdirilib. Daha sonra çıxış edən dosent Sənan Həsənov Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində müstəsna əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkəni dərin ictimai-siyasi böhrandan, parçalanma və vətəndaş qarşıdurması təhlükəsindən xilas edərək dövlət müstəqilliyinin qorunmasını təmin edib. Sənan Həsənov vurğulayıb ki, həmin dövrdə qəbul olunan mühüm qərarlar Azərbaycanın siyasi sabitliyinin, iqtisadi inkişafının və beynəlxalq nüfuzunun möhkəmlənməsinə möhkəm zəmin yaradıb. Tədbir çərçivəsində iştirakçılara Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, həmçinin ADNSU-nun Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Nüfuzlu liderin böyük xilaskarlıq missiyası” adlı kitab sərgisi təşkil olunub.





















1545120462.jpg)



