15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının ilk təşkilatlarında silsilə tədbirlər təşkil olunub. Tədbirlərdə ölkəmizin müasir tarixində mühüm yer tutan Milli Qurtuluş Gününün ictimai-siyasi əhəmiyyəti, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində tarixi xidmətləri geniş şəkildə müzakirə edilib. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Gəncə Bölməsi və Respublika Seysmoloji Xidmət Mərkəzində keçirilən tədbirlərdə qeyd olunub ki, 1993-cü ilin iyun hadisələri Azərbaycan dövlətçiliyinin taleyində həlledici mərhələ olub. Çıxış edənlər vurğulayıblar ki, həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, idarəetmədə yaranmış xaos, separatçı meyillər və xarici təhdidlər dövlət müstəqilliyini ciddi təhlükə qarşısında qoymuşdu. Məhz xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli fəaliyyəti nəticəsində ölkədə sabitlik bərpa olunub, dövlətçilik ənənələri möhkəmləndirilib, iqtisadi inkişafın və beynəlxalq əməkdaşlığın əsasları yaradılıb. Tədbirlərdə çıxış edən alimlər və ziyalılar Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində xüsusi yer tutduğunu bildirərək, bu tarixi hadisənin gənc nəslə düzgün çatdırılmasının vacibliyini qeyd ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmiz regionun lider dövlətlərindən biri kimi beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Çıxışlarda Azərbaycanın son illərdə qazandığı mühüm uğurlar, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması, iqtisadi və sosial inkişaf sahəsində əldə edilən nailiyyətlər Ulu Öndərin siyasi kursunun uğurlu nəticələri kimi dəyərləndirilib. Tədbirlər çərçivəsində məruzələr dinlənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb, Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin inkişafındakı müstəsna rolu bir daha vurğulanıb. AMEA Azad Həmkarlar İttifaqının ilk təşkilatlarında keçirilən tədbirlərdə Milli Qurtuluş Gününün Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi və davamlı inkişafının təmin edilməsində oynadığı mühüm rol bir daha diqqətə çatdırılıb. Qeyd olunub ki, 15 İyun tarixi xalqımızın yaddaşında milli həmrəyliyin, sabitliyin və güclü dövlətçilik ənənələrinin təcəssümü kimi daim yaşayacaqdır.















1545120462.jpg)



