AMEA Folklor İnstitutunda 2026-cı ilin birinci yarısının yekunlarına dair Elmi Şuranın geniş tərkibli iclası keçirilib. Hibrid formatda təşkil olunan iclasda institutun əməkdaşları ilə yanaşı, AMEA Rəyasət Heyətinin məsul əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Sevil Adıgözəlova da iştirak edib. İclasda institutun 2026-cı ilin ilk yarımilində həyata keçirdiyi elmi-tədqiqat, beynəlxalq əməkdaşlıq və nəşriyyat fəaliyyətinin nəticələri müzakirə olunub, qarşıdakı dövr üçün prioritet istiqamətlər müəyyənləşdirilib. Hesabat dövründə aparılan elmi araşdırmalar, rəqəmsal folklor və süni intellekt istiqamətində görülən işlər, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də nəşriyyat fəaliyyəti yüksək qiymətləndirilib. İclas çərçivəsində AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, professor Ramazan Qafarlının 75 illik, Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoyun isə 65 illik yubileyləri qeyd olunub. Yubilyar alimlər Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə Fəxri diplomla təltif ediliblər. Tədbirdə AMEA Azad Həmkarlar İttifaqı da yubilyar alimləri xüsusi ehtiramla təbrik edib. AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənovun adından İnstitutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev professor Ramazan Qafarlı və professor Seyfəddin Rzasoya Azərbaycan folklorşünaslığının inkişafı, milli-mədəni irsin qorunması, tədqiqi və təbliği sahəsində uzunmüddətli səmərəli elmi fəaliyyətlərinə, zəngin elmi-pedaqoji xidmətlərinə və milli elmi məktəbin formalaşmasına verdikləri mühüm töhfələrə görə AMEA Azad Həmkarlar İttifaqının xatirə təltif plaketlərini təqdim edib. Qeyd olunub ki, professor Ramazan Qafarlı və professor Seyfəddin Rzasoy Azərbaycan folklorşünaslığının görkəmli nümayəndələri kimi fundamental elmi araşdırmaları, yetişdirdikləri gənc alimlər və milli-mənəvi irsin qorunmasına yönəlmiş çoxşaxəli fəaliyyətləri ilə ölkənin humanitar elminin inkişafına mühüm töhfələr veriblər. AMEA Azad Həmkarlar İttifaqı yubilyar alimlərə möhkəm cansağlığı, yeni elmi nailiyyətlər və Azərbaycan elminin inkişafı naminə uğurlar arzulayıb.




1545120462.jpg)



