Xəbərlər
22.06.2026 - 11:00
AMEA MEMARLIQ VƏ İNCƏSƏNƏT İNSTİTUTUNUN ƏMƏKDAŞLARI QUBA RAYONUNA İSTİRAHƏT-GƏZİNTİ SƏFƏRİNDƏ OLUBLAR

AMEA Memarlıq və İncəsənət İnstitutunun Həmkarlar Təşkilatının təşkilatçılığı ilə institutun bir qrup əməkdaşı üçün Quba rayonuna birgünlük istirahət-gəzinti səfəri təşkil olunub.

Həmkarlar Təşkilatının sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərvanə Əliyevanın təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində iştirakçılar Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşən Quba rayonunun füsunkar guşələrini ziyarət ediblər. Əməkdaşlar Qəçrəş kəndində, Qudyalçay sahilində, Çənlibel gölündə, Quba Rayon Diyarşünaslıq Muzeyində və Çinar Ailəvi İstirahət Mərkəzində olub, təbiətin gözəlliklərindən zövq alıb, xatirə şəkilləri çəkdiriblər.

Səfər əməkdaşların asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında ünsiyyətin və həmrəyliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli olub, iştirakçıların yaddaşında xoş təəssüratlar buraxıb.

Səfərin sonunda iştirakçılar göstərilən diqqət və qayğıya, yaradılan yüksək səviyyəli istirahət şəraitinə görə AMEA Azad Həmkarlar İttifaqının rəhbərliyinə, eləcə də səfərin təşkilində göstərdiyi təşəbbüsə görə Memarlıq və İncəsənət İnstitutunun Həmkarlar Təşkilatına və onun sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərvanə Əliyevaya səmimi minnətdarlıqlarını bildiriblər.