10 iyul 2026-cı il tarixdə keçirilən iclasda AMEA AHİ-nin aparatı, Rəyasət Heyətinin üzvləri və həmkarlar təşkilatlarının sədrləri iştirak etmişdir. İclası giriş sözü ilə AMEA AHİ-nin sədri, s.e.ü.f.d., dosent Sənan Həsənov açaraq, gündəlikdəki məsələlərlə iştirakçıları tanış etmiş və iclas açıq elan olunmuşdur. Sonra üzvlərin bir qisminin yay məzuniyyətinə çıxması, digər üzvlərin isə əmək qanunvericiliyinə uyğun olaraq məzuniyyətlə təmin edildiyi diqqətə çatdırıldı. Sənan Həsənov qeyd etmişdir ki, 2026-cı ilin birinci yarısında AMEA AHİ-nin fəal iştirakı və təşkilatçılığı ilə bir sıra mühüm layihələr, tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə AMEA-nın qarşısına qoyulan vəzifələrin icrasında həmkarlar təşkilatı fəal iştirak edib. Son 6 ay ərzində üzvlərin sosial problemlərinin həllində, əmək hüquqlarının qorunmasında, istirahətlərinin təşkil olunmasında görülmüş işlər isə müsbət qiymətləndirilmişdir. Sonra yay mövsümündə üzvlərə yollayışların verilməsi ilə bağlı şəffaflığın, operativliyin və növbəlilik prinsipinin önə çəkildiyini və bu istiqamətdə qarşıya çıxan problemlərin həlli yolları haqqında fikir mübadiləsi aparılmışdır. Bu istiqamətdə üzvlər arasında maarifləndirmə işlərinin gücləndirilməsi təşkilat sədrlərinə tövsiyə edilmişdir. Eyni zamanda kollektivlərdə həmrəyliyin təmin olunması, işçilər arasında sağlam elmi mühitin qorunmasına dair məsələlər, nizam-intizama riayət olunması müzakirə olunmuş, şikayət və müraciətlərin həllində həmkarlar təşkilatının, elmi müəssisə və təşkilatların rəhbərlərinin üzərlərinə düşən vəzifələrə dair fikir mübadiləsi aparılmışdır. Sonra əməyin texniki müfəttişi Həsənqulu Qurbanov görülmüş işlər barədə məlumat vermiş, təhlükəsiz əmək şəraitinin formalaşdırılmasında hər kəsin fərdi məsuliyyətini bildirmiş, görüləcək işlərin məzmunu barədə fikirlərini çatdırmışdır. İclasda AMEA Rəyasət Heyəti Həmkarlar Təşkilatının sədri Aynur Mahmud, Şərqşunaslıq İnstitutunun Həmkarlar Təşkilatının sədri Sübhan Talıblı, Folklor İnstitutunun Həmkarlar Təşkilatının sədri Aynur İbrahimova və digər şəxslər çıxış edərək AHİK-in səmərəli və şəffaf iş prinsipinə dair qarşıya qoyduğu yeni istiqamətlərin əhəmiyyətini vurğulamış, bir sıra maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

1545120462.jpg)



