Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “İlham Əliyevin dövlətçilik strategiyasında Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin təminatı” mövzusunda lektoriya keçirilib. Mərkəzi Elmi Kitabxana və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə MEK rəhbərliyi, YAP fəalları, AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov və elmi ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Lektoriyanı giriş sözü ilə açan MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov 20 Sentyabr - Dövlət Suverenliyi Gününün Azərbaycan dövlətçiliyi tarixində əhəmiyyətindən danışıb. MEK-də mütəmadi olaraq keçirilən lektoriyaların Azərbaycan dövlətçilik tarixinin, milli-mədəni irsin və elmi resursların təbliğində mühüm istiqamətlərdən biri olduğunu bildirib. Daha sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək Azərbaycanın bugünkü uğurlarının və qələbələrinin təməlində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin dayandığını qeyd edib. Lektoriyada məruzə ilə çıxış edən AMEA-nın A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələləri, ərazi bütövlüyü və dövlət suverenliyi məsələləri barədə geniş məlumat verib. Sonda çıxış edən MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova bildirib ki, 20 Sentyabr yalnız təqvimdə qeyd olunan əlamətdar gün kimi deyil, eyni zamanda xalqımızın uzun illər davam edən mübarizəsinin, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin və milli suverenliyimizin tam bərpasının rəmzidir. Bir sutkaya yaxın müddət ərzində 406 kvadrat kilometr ərazinin işğaldan azad edilərək Azərbaycan Ordusunun tam nəzarətinə keçməsi ölkəmizin hərbi qüdrətinin, ordumuzun peşəkarlığının və Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi kimi tarixə düşüb. Sonda gələcək lektoriyalarda Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələri, əldə etdiyi mühüm nailiyyətlər və gələcək uğurlar ilə bağlı mövzuların geniş müzakirə olunacağı əminliklə vurğulanıb. Tədbir çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin təmin edilməsi, milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və ölkənin müasir inkişaf strategiyasına dair kitab sərgisi təşkil olunub, həmçinin mövzu ilə bağlı videosüjet nümayiş etdirilib. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.






1545120462.jpg)



