Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) “Heydər Əliyev ideyalarından müasir dövlətçilik strategiyasına: varislik, milli təhlükəsizlik və yeni çağırışlar” mövzusunda tədbir keçirilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi, milli təhlükəsizliyin təmin olunması, siyasi varislik və müasir dövrün çağırışları kontekstində Azərbaycanın inkişaf strategiyası müzakirə olunub. Tədbirdə AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Fərid Babayev, AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə dokroru, dosent Sənan Həsənov və fəlsəfə elmləri doktoru Füzuli Qurbanov çıxış ediblər. AƏSMA-nın rektor vəzifəsini müvəqqəti icra edən Fərid Babayev çıxışında Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və davamlı inkişafında mühüm rol oynadığını vurğulayıb. O, bu ideyaların gələcək nəsillərə çatdırılmasının və dövlətçilik ənənələrinin qorunmasının əhəmiyyətini qeyd edib. AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə dokroru, dosent Sənan Həsənov çıxışında milli birliyin, ictimai həmrəyliyin və dövlət maraqlarının qorunmasının əhəmiyyətinə toxunub. O, milli təhlükəsizliyin təmin olunmasında cəmiyyətin həmrəyliyinin və vətəndaş məsuliyyətinin vacibliyini diqqətə çatdırıb. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov isə çıxışında Heydər Əliyev ideyalarının fəlsəfi və siyasi mahiyyətini, onların müasir dövlətçilik strategiyasındakı yerini təhlil edib. O, dəyişən geosiyasi şəraitdə Azərbaycanın qarşısında duran yeni çağırışların milli maraqlar, strateji düşüncə və dövlətçilik prinsipləri əsasında dəyərləndirilməsinin vacibliyini vurğulayıb. Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib və Heydər Əliyev ideyalarının müasir Azərbaycanın inkişafında, milli təhlükəsizliyin möhkəmləndirilməsində və dövlətçilik ənənələrinin davam etdirilməsində əhəmiyyəti bir daha diqqətə çatdırılıb.








1545120462.jpg)



