Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) oktyabrın 21-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fəaliyyətə başlayan XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur. Sərgidə AMEA prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, elmi müəssisə, təşkilat rəhbərləri və ictimai xadimlər qatılıblar. Sərgidə AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov təmsil edib. “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” devizi altında keçirilən builki sərgidə 30 xarici ölkədən 59 təşkilat, eləcə də 147 yerli nəşriyyat-poliqrafiya müəssisəsi və kitab sənəti ilə əlaqəli qurum təmsil olunur. Tədbirdə Azərbaycanın xalq yazıçıları və şairləri, gənc qələm sahibləri ilə yanaşı, Türkiyə, ABŞ, Norveç, Böyük Britaniya, Polşa, Səudiyyə Ərəbistanı və digər ölkələrdən tanınmış müəlliflər və alimlər iştirak edirlər. AMEA sərgidə öz pavilyonu ilə təmsil olunur. Pavilyonda Akademiya əməkdaşlarının elmi və digər nəşrləri nümayiş etdirilir, oxuculara və beynəlxalq ictimaiyyətə təqdim olunur. Akademiyanın nəşrləri sərgi iştirakçılarının marağına səbəb olur. Kitab sərgisi çərçivəsində AMEA-nın təşkilatçılığı ilə bir sıra kitab təqdimatlarının keçirilməsi də nəzərdə tutulur. Bu tədbirlər elmi biliklərin, milli-mənəvi dəyərlərin və Azərbaycan elminin nailiyyətlərinin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.



1545120462.jpg)



