Xəbərlər
05.11.2026 - 18:22
AMEA əməkdaşları üçün “44” fİlmİnİn xüsusİ nümayİşİ təşkİl olunub

8 Noyabr – Zəfər Günü münasibətilə Alov qüllələrində yerləşən “Park Cinema” kinoteatrında Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri və qazilər üçün “44” bədii filminin xüsusi nümayişi təşkil olunub.
AMEA-nın Azad Həmkarlar İttifaqı və AMEA Rəyasət Heyəti aparatının Elmin populyarlaşdırılması şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdən əvvəl iştirakçılar Akademiya əməkdaşlarının Zəfər Gününə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgisi ilə tanış olublar.
Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyada Zəfər Gününə həsr olunmuş silsilə tədbirlərin keçirildiyini bildirib. Qeyd edib ki, indiyədək əməkdaşlar üçün müxtəlif mədəniyyət ocaqlarında rəsm sərgiləri, opera və teatr tamaşaları təşkil olunub. Bu dəfə isə ilk dəfə olaraq “44” bədii filminin nümayişi keçirilir.
Akademik İsa Həbibbəyli 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin Azərbaycan tarixinin ən şərəfli hadisələrindən biri olduğunu vurğulayıb. Bildirib ki, bu qələbə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının birliyi və Ordumuzun qəhrəmanlığı sayəsində əldə olunub.
Natiq Vətən müharibəsinin Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi uğrunda aparılan ədalətli mübarizə olduğunu qeyd edib. Xalqın “Dəmir yumruq” ətrafında birləşərək dövlətə və orduya hərtərəfli dəstək göstərdiyini bildirib.
Akademik İsa Həbibbəyli Vətən müharibəsinin Azərbaycançılıq ideyasının və milli birliyin təntənəsi olduğunu da diqqətə çatdırıb. Müharibədə ölkəmizdə yaşayan müxtəlif xalqların və etnik qrupların nümayəndələrinin də iştirak etdiyini, onların sırasında şəhidlərin və qazilərin olduğunu vurğulayıb.
Çıxışında müasir hərbi texnologiyaların əhəmiyyətinə toxunan akademik Vətən müharibəsinin yeni texnologiyalar və müasir metodlar əsasında aparıldığını bildirib.
Akademik qeyd edib ki, alim və ziyalıların əsas vəzifələrindən biri Vətən müharibəsinin tarixini elmi əsərlərdə əks etdirmək, bu həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə töhfə verməkdir.
“44” filminin bu baxımdan mühüm əhəmiyyət daşıdığını bildirən akademik İsa Həbibbəyli ekran əsərinin Azərbaycan kinematoqrafiyasının son nailiyyətlərindən biri olduğunu və artıq geniş maraq doğurduğunu söyləyib.
Akademik İsa Həbibbəyli filmin ərsəyə gəlməsinə göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevaya və filmin yaradıcı heyətinə AMEA kollektivi adından minnətdarlığını bildirib.
Daha sonra AMEA əməkdaşlarının, Vətən müharibəsi iştirakçılarının, şəhid ailələrinin üzvlərinin və qazilərin iştirakı ilə “44” bədii filmi nümayiş etdirilib.
Qeyd edək ki, film Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Kino Agentliyinin və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gəlib. İstehsal miqyası, çəkiliş coğrafiyası, cəlb olunan mütəxəssislərin sayı və texniki imkanları baxımından “44” son illərin ən böyük Azərbaycan kinematoqrafik layihələrindən biridir.
Filmin bədii rəhbəri Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, quruluşçu rejissorları İsmayıl Səfərəli və Maksim Smetana, ssenari müəllifləri Anar Ələkbərov və İsmayıl İman, prodüseri Orman Əliyev, quruluşçu operatoru Oleksandr Pozdnyakov, montaj rejissoru Elşad Rəhimov, bəstəkarı Ruslan Ağababayev, səs rejissoru isə Teymur Kərimovdur.
Tədbirin sonunda iştirakçılar “44” bədii filmini Vətən müharibəsinin və tarixi Zəfərin ekran salnaməsi, Azərbaycan kinematoqrafiyasının mühüm nailiyyəti kimi yüksək qiymətləndiriblər.