Xəbərlər
23.11.2026 - 12:59
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ SƏDRİ, DOSENT SƏNAN HƏSƏNOV ARB KANALININ “GÜNDƏM” VERİLİŞİNDƏ ÇIXIŞ EDİB

AMEA Azad Həmkarlar İttifaqının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov ARB kanalının “Gündəm” verilişinin qonağı olub.

Verilişdə Yaxın Şərqdəki hərbi-siyasi gərginlik, ABŞ Konqresində xarici hərbi əməliyyatlara ayrılan 48 milyard dollardan artıq vəsaitin yarada biləcəyi iqtisadi risklər və qlobal münaqişələrin həlli yolları müzakirə edilib.

Sənan Həsənov qeyd edib ki, böyük güclərin iqtisadi maraqları həm Ukrayna, həm də Yaxın Şərq böhranlarının həllini çıxılmaz vəziyyətə salır. İran ətrafındakı vəziyyətə toxunan politoloq bildirib ki, iqtisadi təzyiqlərə baxmayaraq, Tehran daxili bazarını tənzimləyə bilir.

Onun sözlərinə görə, hazırda ABŞ administrasiyası müharibə və sülh seçimi qarşısındadır: “Yeni müharibə üçün real zəmin yoxdur, lakin Qətərin vasitəçiliyi də sülh üçün kifayət etmir. Hazırkı fasilə hər iki tərəfə resurslarını bərpa etmək imkanı verir”.

Sonda dosent Sənan Həsənov vurğulayıb ki, bütün müharibələrin yekunu gec-tez dialoq masasına gətirib çıxarır və sabitliyə yalnız səmimi danışıqlarla nail olmaq mümkündür. Siyasi liderlər bu seçim üzərində dayanmalı və müharibələri humanizm prinsipinə sadiq olaraq yekunlaşdırmalıdırlar. İqtisadi və siyasi maraq və mənafelər kənara qoyulmalıdır.

https://www.youtube.com/live/24CmptA1uLI?si=B-RUDf9gsI7cHky_