Xəbərlər
19.01.2018 - 15:00
AMEA Azad Həmkarlar İttifaqının ilk təşkilatlarında 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünə həsr olunmuş tədbir keçirildi

Milli birlik və qəhrəmanlıq simvoluna çevrilmiş 20 Yanvar faciəsi həm də xalqımızın müstəqillik uğrunda apardığı  mübarizənin şərəfli tarixidir. O, qanlı 20 Yanvar gecəsi xalqımızın igid oğul və qızları təpədən dırnağa kimi silahlanmış Sovet ordusu əsgərləri qarşısına əliyalın çıxaraq Vətənimizin azadlığı və suverenliyi naminə sinələrini alov saçan güllələrə sipər edib şəhidlik zirvəsinə ucaldılar. Həmin gecə Bakı küçələrində axıdılan şəhid qanları anaların göz yaşına, güllə səsləri acı fəryadlara qarışmışdı. Yüzlərlə Vətən övladı qətl edilmiş, yaralanmış, SSRİ-nin müxtəlif həbsxanalarında həbsə məhkum edilmişdi. Lakin mənfur Sovet rejimi bu əməlləri ilə xalqımızın azadlıq uğrunda apardığı mübariz əzmini nəinki sarsıda bilmədi, əksinə, daha da alovlandırdı. 20 Yanvar faciəsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin dediyi bu sözlər bu faciənin xalqımızın azadlıq mübarizəsindəki əhəmiyyətinin ən gözəl ifadəsir: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.

20 Yanvar faciəsində şəhid olanların xatirəsi xalqımız və dövlətimiz tərəfindən hər zaman  yüksək tutulmuşdur. Hər il bütün idarə və müəssisələrdə Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbirləri keçirilir. Ölkə başçısı cənab Prezident İlham Əliyevin və ailə üzvlərinin başçılığı  ilə Şəhidlər Xiyabanı yüzminlərlə soydaşımız tərəfindən ziyarət edilir, əklillər qoyulur. Hər il olduğu kimi bu il də Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının İlk təşkilatlarında (Fizika İnstitutu, Mikrobiologiya İnstitutu, Fiziologiya İnstitutu, Folklor İnstitutu, Təbiət Tarixi Muzeyi, Radiasiya Problemləri İnstitutu, Tarix İnstitutu, Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, Elm Tarixi İnstitutu, Aşqarlar Kimyası İnstitutu, Mərkəzi Elmi Kitabxana, Milli Azərbaycan Tarixi Muzeyi, Botanika İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, Nizami adına Ədəbiyyat Muzeyi, İdarəetmə Sistemləri İnstitutu) 20 Yanvar Ümumxalq Hüzn Günü ərəfəsində AMEA əməkdaşlarının iştirakı ilə anım tədbirləri həyata keçirilmişdir. Milli Azərbaycan Tarixi Muzeyində “20 Yanvar Şəhidləri” adlı kataloqun təqdimatı keçirilib. İlkin təşkilatlarda keçirilən anım mərasimlərində qanlı Yanvar hadisələri bir daha xatırlanmış, nitqlər söylənilmiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etmişlər. Anım mərasimlərində çıxış edən əməkdaşlar bildirmişlər ki, xalqımızın tarixən qarşılaşdığı ən faciəvi günlərdən biri olan 20 Yanvar illər ötsə də milli yaddaşlarda daha da möhkəmlənir. Belə faciələrin bir daha təkrarlanmaması, şəhidlərin uğrunda həlak olduğu müstəqillik və azadlığımızın daim bərqərar olması  üçün xalqımızın dövlətimiz və dövlətçiliyimiz uğrunda Azərbaycançılıq ideyası ətrafında daha da sıx vəhdətdə olması mütləqdir. Qədirbilən xalqımız milli müstəqilliyimiz yolunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini heç vaxt unutmayacaq, qan yaddaşımızda daim əziz tutacaqdır.