Xəbərlər
19.03.2018 - 12:00
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI FİZİKA İNSTİTUTUNDA NOVRUZ BAYRAMI MÜNASIBƏTİLƏ TƏDBİR KEÇİRİLİB

Tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O, bayram münasibəti ilə İnstitut əməkdaşlarını təbrik edib. Bildirib ki, Novruz torpağın, təbiətin oyanması, fəsillərin yerdəyişməsi, insanların canlanması, günlərin bərabərləşməsi bayramıdır.
Daha sonra tədbir elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovun çıxışı ilə davam edib. O, bayramın tarixindən danışıb. Bildirib ki, qədim tarixi kökləri olan Novruz bahar, bolluq və bərəkət bayramıdır. C.Abdinov Novruz bayramının xalq tərəfindən həmişə böyük coşqu ilə qeyd olunduğunu vurğulayıb. Çıxışının sonunda o, İnstitut əməkdaşlarını təbrik edib, onlara şəxsi və elmi işlərində uğurlar arzu edib.
İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov Novruz bayramının adət-ənənlərindən danışıb və bayramla bağlı uşaqlıq xatirələrini bölüşüb. O, martın 21-də gecə ilə gündüzün bərabərləşdiyini qeyd edib. A.Bayramov çıxışının sonunda İnstitut əməkdaşlarını təbrik edib. 
Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova çıxışında bildirib ki, insanlar hər il mart ayının ikinci yarısında Novruz bayramını baharın gəlişi kimi təmtəraqla qarşılayıblar və indi də bu ənənə davam etdirilir. Qeyd edib ki, bayram ərəfəsində yaşayış yerləri, küçələr silinib-süpürülür, yeni geyim-paltar alınır, bayram şirniyyatı bişirilir. O, İnsitutun əməkdaşlarına ən xoş arzularını çatdırıb.
“Su kimi həyatınız əvəzolunmaz olsun, bütün problemləriniz odlarda yansın, yellər bütün dərdlərinizi aparsın, süfrəniz torpaq kimi ruzi-bərəkətli olsun”-deyə S.Bağırova çıxışını yekunlaşdırıb.
Tədbir bədii hissə ilə davam edib. Daha sonra İnstitut əməkdaşları bayram şənliyini müvafiq şöbə və laboratoriyalarda qeyd ediblər.