Xəbərlər
07.05.2018 - 14:59
MUZEYDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİIN ANADAN OLMASININ 95-CI İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ “ƏBƏDIYAŞAR LİDER” ADLI XATIRƏ TƏDBİRİ KEÇİRİLİB

Milli Azərbaycan Tarixi Muzeyində Muzeyin YAP “Azərbaycan tarixçiləri” ilk ərazi təşkilatı Həmkarlar təşkilatı ilə birgə Ümummilli 
lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş  “Əbədiyaşar lider” adlı xatirə tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı giriş sözü ilə çıxış etdi. Ulu Öndərin həyat və fəaliyyətindən, onun rəhbərliyi altında Azərbaycanda milli dövlətçiliyin çiçəklənməsindən danışdı. Həmçinin Azərbaycanda elm və mədəniyyətin inkişafında, o cümlədən Muzeyin uğurlu fəaliyyətində Heydər Əliyevin uzaqgörən siyasətinin əhəmiyyətini qeyd etdi.

Sonra tədbirdə iştirak edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova çıxış edərək, Ümummilli liderin Azərbaycanda insan hüquqlarının bərpası sahəsində gördüyü fəaliyyətdən bəhs etdi. Ulu Öndərin milli qanunçuluğun formalaşmasındakı rolunu vurğuladı və müasir dövlətçiliyin məhz H.Əliyevin fəaliyyətinin nəticəsi olduğunu bildirdi.

Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev də cənab Heydər Əliyevin YAP-ın ümumxalq partiyasına 
çevrilməsindəki fəaliyyəti haqqında məlumat verdi. Daha sonra AMEA Azad Həmkarlar İttifaqının sədri, prof. Habil Qurbanov çıxış etdi. O çıxışında Azərbaycanda ictimai-siyasi stabilliyin, sivil vətəndaş cəmiyyətinin yaranmasında Ulu Öndərin böyük rolunu qeyd edib və 
Heydər Əliyev irsinin daha çox öyrənilməsi gərəkdiyini bildirib. Tədbir musiqi sədaları və rəqs ifalarından ibarət bədii hissə ilə sona 
çatdı.