Xəbərlər
14.05.2018 - 13:00
MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİNDƏ 18 MAY BEYNƏLXALQ MUZEYLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ

Milli Azərbaycan Tarixi Muzeyində 18 may - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Muzeyşünaslıq-elmlərarası inteqrasiya kontekstində” silsiləsindən - “Abbasqulu Ağa Bakıxanovun yaradıcılığının gənc muzeyşünaslar tərəfindən araşdırılması. “Faktlar və təhlillər” adlı tələbə elmi-nəzəri seminarı keçirilib. Tədbir Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib. Elmi-nəzəri seminar ADMİU-nin “Gənc muzeyşünaslar” tələbə elmi klubunun rəhbəri, Muzeyşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, muzeyşünas Elfira Məlikova-Qurbanova tərəfindən təşkil olunmuşdur. Seminarda ADMİU-nun müəllimləri və tələbələri, sənətşünaslar, muzey əməkdaşları iştirak etmişlər. Tədbiri giriş sözü ilə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, gələn qonaqları salamladı və muzeydə keçirilən maarifləndirici elmi-nəzəri seminarın əhəmiyyətindən danışdı. Tarixçi alim A.A.Bakıxanovun yaradıcılığından bəhs edib və tarix elminin öyrənilməsində, tədqiqində onun rolunu vurğulayıb. Bildirilib ki, Azərbaycan tarixinə A.A.Bakıxanov görkəmli maarifpərvər, Azərbaycan tarixşünaslığının elmi əsaslarını qoymuş şəxs, filosof, alim, filoloq, astronomiya və coğrafiya kitablarının müəllifi və şair kimi daxil olmuşdur. A.A.Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. Sonra Əmircan qəsəbə Bələdiyyəsinin müdir müavini Fəridə Bünyatova “A.A.Bakıxanov dühası” adlı məruzə ilə çıxış edib. Tədbirdə iştirak edən teatrşünas, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, ADMİU-nin Elm və yaradıcılıq işləri üzrə prorektoru Məryəm Əlizadə tədbir təşkilatçılarına və muzeyin rəhbərliyinə elmi seminarın keçiriliməsinə görə təşəkkürünü bildirib. O, öz çıxışında Azərbaycanda muzey işinin inkişafından və müasir cəmiyyətdə muzeylərin sosial-mədəni rolunun əhəmiyyətindən danışıb. Daha sonra tədbirin təşkilatçısı, muzeyşünas Elfira Məlikova-Qurbanova çıxış edib. O, bildirib ki, muzeyşünaslıq çox spesifik bir elmdir. Dünyada bu elmin yaranma tarixi XX əsrin 20-30-cu illərinə təsadüf edir. Muzeylər xalqların çoxəsrlik mədəniyyətini özündə təcəssüm etdirən bir məbəddir. Ona görə məbəddir ki, xalqların tarixini, mədəniyyətini, dövlətçilik ənənəsini, ədəbiyyatını, ictimai fikrini, mübarizə epopeyasını əks etdirən saysız-hesabsız eksponatlara sahibdir. Əksər hallarda tariximizi kitablardan deyil, muzeylərdəki eksponatlar, tarixi materiallar, sənədlər sayəsində öyrənirik. Elmi-nəzəri seminarın ikinci hissəsində ADMİU-nin tələbələri A.A.Bakıxanovun həyat və yaradıcılığına həsr olunmuş məruzələrlə çıxış ediblər.