Xəbərlər
20.06.2018 - 10:20
MİLLİ AZƏRBAYCAN TARİXİ MUZEYİNDƏ “MİLLİ QURTULUŞUMUZDA HEYDƏR ƏLİYEV VƏ ORDU AMİLİ” ADLI TƏDBİR KEÇİRİLİB

Milli Azərbaycan Tarixi Muzeyində YAP “Azərbaycan Tarixçiləri” və Həmkarlar Təşkilatının birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş “Milli qurtuluşumuzda Heydər Əliyev və Ordu amili” adlı tədbir keçirilib. Tədbirdə YAP Səbail Rayon Təşkilatının sədr müavini Muxtar Nağıyev, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev, GVB-ninsədr müavini, Qarabağ qazisi İslam Əzimov, tarixçi alimlər, muzey əməkdaşları və  KİV nümayəndələri iştirak ediblər.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriliməsi ilə başladı. Sonra Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tədbiri açaraq bayram münasibətilə Azərbaycan xalqını təbrik etdi. Akademik Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin quruculuğundakı aktiv fəaliyyətindən, Milli Ordumuzun ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı qəhrəmanlıq mücadiləsindən bəhs edib. Gəncləri bu istiqamətdə maariflənməyə, Heydər Əliyev irsini öyrənməyə, nümunə götürməyə dəvət etdi.

 Sonra YAP Səbail Rayon Təşkilatınn sədr müavini Muxtar Nağıyev çıxış edərək, Azərbaycanda YAP-ın ictimai-siyasi həyatdakı fəaliyyətində cənab Heydər Əliyevin rolundan, Milli Ordu quruculuğundan bəhs etdi.

Daha sonra Gənc Vətənpəvərlər Birliyinin sədri Muğan Əliyev 1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, dövlətçilik, demokratiya, milli tərəqqi kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulduğunu, Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasətinin, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələrinin milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf mərhələsinə qədəm qoyduğunu vurğuladı.

Muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, Muzeyin YAP “Azərbaycan tarixçiləri“ ilk ərazi təşkilatının sədr müavini Nasir Quluzadə çıxış edərək Muzeydə Milli Qurtuluş Günü və Silahlı Qüvvələr Günü münasibətilə mütəmadi keçirilən elmi-kütləvi tədbirlər haqqında məlumat verdi.

Tədbirdə çıxış edən Gənc Vətənpərvərlər Birliyinin sədr müavini, Qarabağ qazisi İslam Əzimov milli ordunun yaranması tarixindən və müstəqillik dövründə inkişafından bəhs edib. Çıxışçılar Heydər Əliyevin siyasi dühasından, Milli Ordunun şücaətindən, bu mövzunun daim təbliğ edilməsinin əhəmiyyətindən danışdılar.

Sonra tədbir gənclərin ifasında musiqi nömrələri və milli rəqslərdən ibarət bədii hissə ilə davam edib. Tədbirin sonunda Milli Azərbaycan Tarixi Muzeyində mədəni və ictimai tədbirlərin təşkil olunması, Muzeyin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasında fəal iştirak edən şəxslər muzey adından “Təşəkkürnamə” ilə təltif olunub.