Xəbərlər
21.06.2018 - 16:00
ŞAHZADƏ ABBAS MİRZƏ QACARIN EHTİMAL EDİLƏN QILINCI NÜMAYİŞ OLUNACAQ

Milli Azərbaycan Tarixi Muzeyində keçiriləcək “Ordum varsa, yurdum var!” sərgisində şahzadə Abbas Mirzə Qacara (1789-1833) məxsusluğu ehtimal edilən qılınc nümayiş olunacaq. Belə ki, hələ 2017-ci ildə qılıncın hazırki sahibi Yusif Bağırzadə Milli Azərbaycan Tarixi Muzeyinə qılıncın istehsal dövrünün müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Muzeyin əməkdaşı, t.ü.f.d. Səbuhi Əhmədov qılıncın strukturu və xüsusiyyətlərini nəzərə alaraq onun XIX əsrin əvvəllərinə aid parad silahı olmasını müəyyən etmişdir. Muzey əməkdaşının tövsiyəsi ilə Y.Bağırzadə eksponatın dəqiq və hərtərəfli ekspertizası üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki Dövlət Ermitajına müraciət etmişdir. RF Silah Ekspertləri Milli Assosiyasiyası mütəxəssislərinin verdiyi geniş və əhatəli rəydə qılıncın yerli Azərbaycan istehsalı olması qeyd edilmişdir. Dövlət Ermitajında qorunan iki analoji qılıncla tutuşdurulma aparılmışdır ki, onların biri üzərində hicri 1225-ci il (1809/10-cu il) yazılmış, digərinin isə 1827-ci ildə general İ.F.Paskeviç tərəfindən şahzadə Abbas Mirzənin Təbrizdəki sarayından götürülməsi dəqiq məlumdur.Sərgilənəcək qılınc üzərində yazılar sırasında “Bənde-i şah-i vilayəti Abbas” (“Vəlilik şahının qulu olan Abbas”) yazısı oxunmuşdur.Qılıncın forma, düzəldilmə texnikası, naxışların təhlili, mövcud eksponatlarla tutuşdurulma, üzərindəki yazı onun 1809/10-cu ildə Azərbaycanda şahzadə Abbas Mirzə Qacar üçün düzəldilməsini ehtimal etməyə imkan vermişdir.