Xəbərlər
20.09.2018 - 12:00
FİZİKA İNSTİTUTUNDA II SPARTAKİADADA İŞTİRAK EDƏCƏK FUTBOL KOMANDALARININ PÜŞKATMA MƏRASİMİ KEÇİRİLİB

 Tədbirdə II Spartakiadanın Təşkilat Komitəsinin üzvləri: Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunun Həmkarlar Komitəsinin sədri, AMEA Azad Həmkarlar Ittifaqı Rəyasət Heyətinin üzvü, Təşkilat Komitəsinin həmsədri Sitarə Bağırova, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Qafil Dəmirov, AMEA GAMŞ-ın sədri Famin Salmanov və futbol üzrə milli dərəcəli hakim Rahin Heybətov iştirak edib. Tədbiri giriş sözü ilə açan Sitarə Bağırova II Spartakiada haqqında iclas iştirakçılarına xəbər verib. Bildirib ki, II Spartakiadada 14 İnstitut və təşkilatın futbol komandası mübarizə aparacaq. Oyunlar dörd qrup üzrə (A,B,C və D) keçiriləcək. S.Bağırova hər qrupdan iki komandanın çıxcağını vurğulayıb. Qeyd edib ki, qrup oyunlarından sonra 14, yarımfinal və final oyunları keçiriləcək. O, bildirib ki, futbol üzrə yarışlar oktyabrın 1-i saat 13:00-da start götürəcək. S.Bağırova yarış iştirakçılarının hər birinə xüsusi hazırlanmış vəsiqələrin təqdim olunacağını vurğulayıb. 
Daha sonra Rahin Heybətov oyunun qaydaları haqqında iclas iştirakçılarına məlumat verib. 
İclasda həmçinin, iştirakçıların təklifləri dinlənilib, müzakirələr aparılıb. 
Sonda püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən, A qrupunda- Geologiya və Geofizika İnstitutu, Neft Kimya Prosesləri İnstitutu, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Respublika Seysmoloji Xidmət Mərkəzi, B qrupunda- Fizika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, C qrupunda- Genetik Ehtiyatlar İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Fəlsəfə İnstitutu, İqtisadiyyat İnstitutu, D qrupunda – Rəyasət Heyəti, Radiasiya Problemləri İnstitutu, Zoologiya İnstitutu qərarlaşıb. 
Keçiriləcək futbol yarışlarının oyun qrafiki haqqında məlumat veriləcək.