Xəbərlər
01.10.2018 - 14:00
AMEA RƏYASƏT HEYƏTİ AZAD HƏMKARLAR İTTİFAQININ (AHİ) TƏŞKILATÇILIĞI İLƏ II SPARTAKİADANIN AÇILIŞ MƏRASİMİ KEÇİRİLİB.

Bu gün Akademiya şəhərciyinin mini futbol stadionunda AMEA Rəyasət Heyəti Azad Həmkarlar İttifaqının (AHİ) təşkilatçılığı ilə II Spartakiadanın açılış mərasimi keçirilib. Tədbirdə AMEA AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Fizika İnstitutu, Həmkarlar Komitəsinin sədri, AMEA AHİ Rəyasət Heyətinin üzvü, II Spartakiadanın Təşkilat Komitəsinin sədri Sitarə Bağırova, AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Təşkilat Komitəsinin üzvü Famin Salmanov və institutların ilk Həmkarlar İttifaqı təşkilatlarının sədrləri iştirak ediblər. Tədbiri giriş söz ilə Habil Qurbanov açıb. O bildirib ki, II Spartakiada ikinci dəfədir AMEA rəhbərliyinin dəstəyi ilə təşkil olunur. Qeyd edib ki, gələcəkdə voleybol və basketbol yarışlarının da keçirilməsi nəzərdə tutulur. O, komandalara uğurlar arzulayıb. H.Qurbanov vurğulayıb ki, yarışlar respublika və beynəlxalq dərəcəli hakimlər tərəfindən idarə olunur.
Daha sonra II Spartakiadanın Təşkilat Komitəsinin sədri Sitarə Bağırova çıxış edib. O bildirib ki, II Spartakiadada 20 İnstitut və Təşkilat iştirak edir. Şahmat, dama və stolüstü tennis yarışlarının Fizika İnstitutunda təşkil olunacağını qeyd edib. bildirib ki, stolüstü tennis yarışları oktyabrın 8-i saat 17:00-da Fizika İnstitutunda keçiriləcək. Şahmat və dama yarışlarının keçirilmə tarixi haqqında məlumat veriləcək. 
Tədbir Təşkilat Komitəsinin üzvü Famin Salmanovun çıxışı ilə davam edib. O, gənc alim və mütəxəssislərə AMEA-da göstərilən diqqət və qayğıdan bəhs edib. AMEA rəhbərliyinə və Həmkarlar təşkilatlarına yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Açılış mərasimindən sonra II Sparatakiadada futbol yarışlarına start verilib. İlk olaraq Geologiya və Geofizika (GGİ) və Neft-Kimya Prosesləri İnstitutunun (NKP) komandaları qarşılaşıb. Oyunun nəticələrinə əsasən GGİ rəqib üzrərində 11:1 hesabı ilə qələbə qazanıb. 
Növbəti oyun AMEA Rəyasət Heyəti və Radiasiya Problemləri İnstitutunun komandaları arasında keçirilib. AMEA Rəyasət Heyətinin komandası rəqib üzərində 6:2 hesabı ilə qələbə qazanıb.