Xəbərlər
20.12.2018 - 15:00
AZAD HƏMKARLAR İTTİFAQININ MƏCLİSİNİN İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB

Azad Həmkarlar İttifaqının Məclisinin iclasında bir sıra mühüm məsələlər müzakirə olunub
AMEA-nın Azad Həmkarlar İttifaqının Məclisinin növbəti iclası keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Hüquq” şöbəsinin əməyin hüquq müfəttişi Sevil Zeynalova, AMEA Kadrlar şöbəsinin müdiri Rzaqulu Hacıyev, o cümlədən akademiyanın elmi müəssisə və təşkilatlarının həmkarlar komitələrinin sədrləri və kadrlar şöbələrinin müdirləri iştirak ediblər. 
İclası AHİ-nin sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib. H.Qurbanov bəzi həmkarlar təşkilatlarında çatışmazlıqların olduğunu və aradan qaldırılması barədə müvafiq tapşırıq verib.
Sədr H.Qurbanov həmçinin AHİ tərəfindən AMEA əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə akademiya şəhərciyində mütəmadi ərzaq yarmarkalarının keçirildiyini diqqətə çatdırıb.
Sonra Rəyasət Heyəti aparatının Kadrlar şöbəsinin müdiri Rzaqulu Hacıyevçıxış edərək akademiyanın elmi müəssisə və təşkilatlarında elmi idarəetmənin səmərəli təşkili, işçilərin işə davamiyyətinə, əmək və icra intizamına nəzarətin gücləndirilməsi və iş vaxtının uçotunun aparılmasının təmin olunması məqsədilə AMEA prezidenti, akademik Akif Əlizadə tərəfindən 23 noyabr 2018-ci il tarixində sərəncam imzalandığını xatırladıb. O, sərəncamın Əmək Məcəlləsindən çıxış edilərək imzalandığını vurğulayıb və sənədin elmi müəssisə və təşkilatlarda icra olunmasının önəminə toxunub.
Daha sonra AHİK-in əməyin hüquq müfəttişi Sevil Zeynalova "İşçilərin hüquqlarının müdafiəsi və onların əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması zamanı müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması" barədə çıxış edib, iştirakçıların suallarını cavablandırıb. Sevil xanım əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “b”, “ç” bəndlərində Həmkarlar İttifaqının rolunun nədən ibarət olması və 77-ci maddədə olan yeniliklər barədə əməkdaşları məlumatlandırıb. O, bildirdi ki, işçinin işə davamiyyəti əsasən Həmkarlar İttifaqının nəzarətində olmalıdır. Daha sonra Sevil xanım iş yerlərində ixtisarlarla bağlı suallara aydınlıq gətirdi.
Tədbirdə İşlər idarəsinin müdir müavini Sərdar Əliyev Rəyasət Heyətinin iclasında təsdiqlənmiş "AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və həmin sahələrdən istifadə olunması Qaydaları" haqqında məlumat verib. O, sənədin akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə qəbul olunduğunu və AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından 1700 hektar torpaq sahəsinin ayrıldığını bildirib. S.Əliyev müvafiq tələblərə cavab verən akademiya əməkdaşlarının hər birinə iki il müddətinə 10 sot torpaq sahəsinin verilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.
İclasda, həmçinin "AMEA Yüksək Texnologiyalar Parkı" MMC, Ədəbiyyat və Şərqşünaslıq institutlarının həmkarlar təşkilatlarına seçilən yeni sədrlər təsdiqlənib.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.