Xəbərlər
28.01.2019 - 13:00
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI (AMEA) FİZİKA İNSTİTUTUNDA MİNİ STADİONUN AÇILIŞI OLUB.

Açılışda İnstitutun direktoru, akademik Nazim Məmmədov, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, Azad Həmkarlar İttifaqının sədri hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov və Fizika İnstitutunun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova iştirak edib. Tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O, bildirib ki, Fizika İnstitutunun Həmkarlar Komitəsi istər AMEA-nın, istərsə də İnsitututun tədbirlərində fəal iştirak edir. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, idman sağlamlıq deməkdir. Ona görə də gənclər elmlə yanaşı, idmanla da məşğul olmalıdırlar. O, sağlam gəncin elmin bütün sahələrində, həmiçinin digər fəaliyyət sahələrində də uğur qazanacağını qeyd edib. Nazim Məmmədov vurğulayıb ki, dövlətin idmana göstərdiyi qayğını əsas götürərək Fizika İnstitutunda da əməkdaşların ailə üzvlərinin, gənc mütəxəssislərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün İnsitutun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə mini stadion istifadəyə verilib. 

Açılış mərasimi Habil Qurbanovun çıxışı ilə davam edib. O, Fizika İnstitutunun rəhbərliyinə və Həmkarlar Komitəsinin sədri Sitarə Bağırovaya təşəbbüsə görə minnətdarlığını bildirib. O, bildirib ki, I və II Spartakiada çərçivəsində keçirilmiş yarışlar Fizika İnstitutunda təşkil olunub. Habil Qurbanov Fizika İnstitutunun elm sahəsində beynəlxalq səviyyədə nailiyyətlər qazandığı kimi, artıq AMEA-da idmanın mərkəzi hesab olunduğunu vurğulayıb. O, təklif edib ki, əməkdaşların övladları üçün futbol komandası təşkil olsun və onlar burada məşqçi nəzarəti ilə məşq etsinlər. 

Sitarə Bağırova bildirib ki, mini stadionun hazırlığı 3 ay davam edib. Stadionda badminton, mini voleybol, mini basketbol və İnstitutun futbol komandasının məşqi üçün hərtərəfli şərait yaradılıb. Nahar fasiləsindən başqa, işdən sonra, şənbə və bazar günləri daxil olmaqla əməkdaşların ailə üzvləri mini stadiondan istifadə edə bilərlər. O, yaradılan şəraitə görə İnstitutun rəhbərliyinə, xüsusən, akademik Nazim Məmmədova və AMEA Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanova kollektiv adından minnətdarlığını bildirib.