Xəbərlər
28.01.2019 - 15:00
“ƏSAS MƏQSƏDİMİZ GƏNCLƏRİMİZİN ASUDƏ VAXTININ DAHA SƏMƏRƏLİ TƏŞKİLİ, ONLARDA ELMƏ, SAVADA MARAĞIN ARTIRILMASIDIR”

Yanvarın 24-də Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsi tərəfindən tələbələr arasında təşkil olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyununun, futzal yarışının və “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur.

AHİK-in böyük iclas zalında keçirilən mərasimdə TİAHİ Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyev çıxış etmişdir.

Demişdir ki, Respublika Komitəsi artıq 9-cu ildir ali məktəb tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə həmkarlar ittifaqı kuboku uğrunda  turnir və futzal yarışları təşkil edir.

“İlin peşəkar gənci” müsabiqəsi isə 2018-ci ildə AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə təsis olunmuşdur.

Səttar müəllim demişdir, belə tədbirləri təşkil etməkdə əsas məqsədimiz gənclərimizin asudə vaxtının daha səmərəli təşkili, onlarda elmə, savada marağın artırılması, sağlam həyat tərzinin təbliğ edilməsidir.

Bilirsiniz ki, gənclərimizin sağlam, savadlı böyüməsi, onların peşəkarlıq səviyyəsinin artırılması, layiqli vətəndaş kimi yetişmələri ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Respublika Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın I vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərimizin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələri reallaşdırmağa imkan verir.

Ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti “Neft gəlirlərinin insan kapitalına” çevrilməsi ideyasının müəllifi olan möhtərəm Prezident İlham Əliyevin “Bugünkü gənc sabah ölkəmizi idarə edəcək” tezisinə əsaslanır. Son 16 ildə gənclərlə bağlı icra olunmuş dövlət proqramları, qəbul edilmiş qərarlar, inkişaf strategiyaları bunun əyani sübutudur.

Bilirsiniz ki, hazırda gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə cənab Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” icra olunmaqdadır.

Strategiyanın əsas hədəfi Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycan Respublikasının mənafeyi naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyətin həyatında fəal iştirakı üçün dövlət səviyyəsində bütün addımlar atılır. Təkcə son vaxtlar ölkə başçısının təşəbbüsü ilə aparılan struktur islahatları gənclərimizə artan etimadın əyani nümayişidir. Gənc kadrlara nazirliklərdə, komitələrdə, digər dövlət, hökumət qurumlarında yüzə qədər məsul vəzifə etibar edilmişdir. Sevindirici haldır ki, gənclik bu diqqət və qayğını yüksək qiymətləndirir. Ölkəmizin inkişafı, beynəlxalq aləmdə nüfuzunun daha da artması və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan vəzifələrin real həyata vəsiqə qazanması naminə səylərini əsirgəmir. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər.

S.Möhbalıyev Respublika Komitəsinin də dövlətimizin gənclər siyasətinin fəal iştirakçısı olduğunu söylədi. Dedi ki, biz də çalışırıq ki, gənclərə dəstək olaq. Bu məqsədlə Respublika Komitəsi tərəfindən hər il müxtəlif festivallar, spartakiadalar, elmi-praktik konfranslar, fənn olimpiadaları, inşa müsabiqələri, idman yarışları keçiririk, gənclərin sosial problemlərinin həlli, istedadlı gənclərin üzə çıxarılması və onların potensiallarının genişləndirilməsi ilə bağlı tədbirlər təşkil edirik.

Bu tədbirlərdə iştirak edən gənclərin sayı ildən-ilə çoxalır. Bu da bizi gələcəkdə belə tədbirlərin sayını artırmağa və əhatə dairəsini genişləndirməyə ruhlandırır.

Hazırda ali və orta ixtisas məktəblərində qış imtahan sessiyası gedir. Hər birinizə imtahanları əla qiymətlərlə verməyi arzulayıram. Nəzərə alın ki, sizin təhsildə qazandığınız uğurlar dar mənada özünüzə lazımdır. Gələcək karyeranız üçün ilk şərt bilik, savad, seçdiyiniz ixtisasa maraq və yaradıcı yanaşmaqdır. Geniş mənada isə sizin savadlı olmağınız bütövlükdə dövlətçiliyimizin möhkəmlənməsi, xalqımızın firavan həyatının təminatı deməkdir. Çünki gələcəyin idarəçiləri siz olacaqsınız.

Çıxışını bitirdikdən sonra Respublika Komitəsinin sədri mükafatları təqdim etdi.

Mükafatçı gənclər adından Vəli Məmmədov adına Yardımlı şəhər 2 saylı məktəbin direktor müavini Ruslan Ataşlı çıxış edərək dövlətimizə, həmkarlar ittifaqına onlara göstərilən qayğıya və etimada görə təşəkkürünü bildirdi. Dedi ki, biz bu etimadı, qayğını öz əməli işimizlə doğrulduruq.

Gələcəkdə də dövlətimizin siyasi kursunun daha parlaq nəticələr verməsi üçün səylərimizi qat-qat artırmağa, vətənimizin dünya dövlətləri sırasında öncül yerlərdən birini tutması naminə potensialımızdan maksimum bəhrələnməyə çalışacağıq.