Xəbərlər
22.02.2019 - 15:00
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI (AMEA) FİZİKA İNSTİTUTUNDA AMEA QADINLAR ŞURASININ “MƏNƏVIYYAT VƏ ELM” BÖLMƏSI VƏ İNSTİTUTUN QADINLAR TƏŞKİLATININ BİRGƏ TƏŞKİLATÇILIĞI İLƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB

Tədbiri giriş sözü ilə İnstitutun direktoru, akademik Nazim Məmmədov açıb. O qeyd edib ki, Xocalıda törədilən erməni vəhşilikləri unudulmamalıdır. N.Məmmədov gənclərin ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikləri unutmamaları üçün hər il Fizika İnstitutunda anım tədbirlərinin keçirildiyini vurğulayıb. 
Tədbir AMEA Qadınlar Şurasının sədri, fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadənin çıxışı ilə davam edib. O, tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə İnstitut rəhbərliyinə və Həmkarlar Komitəsinə minnətdarlığını bildirib. R.Mirzəzadə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif edib. Daha sonra o, gündəlikdə duran məsələlərlə tədbir iştirakçılarını tanış edib. 
Fizika İnstitutunun Qadınlar Təşkilatının sədri, AMEA-nın müxbir üzvü Səlimə Mehdiyeva bildirib ki, anım tədbirində Xocalı soyqırımı haqqında məruzələr dinləniləcək. İlk olaraq İnsitutun əməkdaşı Rəhim Ələkbərov “Xocalı şəhidlərin gözü ilə” adlı məruzə ilə çıxış edib. Əslən Xocalıdan olan R.Ələkbərov canlı şahidi olduğu erməni vəhşilikləri haqqında danışıb. O, həmin gün törədilən vəhşiliklərdən bəhs edərkən qeyd edib ki, ermənilər dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan, patronlardan istifadə ediblər. Bildirib ki, Soyqırım zamanı 613 nəfər (63 uşaq, 106 qadın, 70 qoca) həlak olub. Xocalı sakinlərindən 487 nəfəri ağır yaralanıb, 1275 nəfər isə əsir düşüb. 
Anım tədbiri AMEA Tarix İnstitutunun Qadınlar Təşkilatının sədri Raisə Cəfərovanın “Xocalıya aparan yol” məruzəsi ilə davam edib. O, Xocalı hadisələrinin fevralın 25-dən 26-a keçən gecə baş versə də, əslində bu soyqırıma hazırlığın 1992-ci ilin fevral ayının əvvələrindən başlandığını vurğulayıb. R.Cəfərova Xocalının əlverişli coğrafi şəraitindən, onun qədim türk mədəniyyətinə mənsub olmasından danışıb. Bildirib ki, Xocalı faciəsi birmənalı şəkildə soyqırımdır. O, 1948-ci ildə qəbul olunmuş BMT qətnaməsindən bəhs edib. Vurğulayıb ki, məqsədli şəkildə dinc əhaliyə qarşı törədilmiş qətliam soyqırım hesab olunur. Sədr Xocalı soyqırımının dünyada tanınması istiqamətində görülən işlərdən də bəhs edib. 
İclas iştirakçıları Xocalıda törədilən vəhşiliklər haqqında öz düşünclərini bölüşüblər. 
Sonda Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş olunub.