Xəbərlər
22.02.2019 - 12:00
XOCALI SOYQIRIMI XX ƏSRİN ƏN BÖYÜK FACİƏLƏRİNDƏN BİRİDİR

AMEA-nın Fizika İnstitutunun, Zoologiya İnstitutunun, Arxeologiya və Etnoqrafiya İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunan “Tarixin qan yaddaşı” mövzusunda tədbir keçirilib.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdən öncə “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” İB-nin sədri Əlövsət Qasımovun Xocalı faciəsini özündə əks etdirən sərgisinə baxış keçirilib.

Tədbir Xocalı soyqırımında həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Yığıncaqda çıxış edənlər 27 il əvvəl ermənilərin keçmiş sovet hərbçilərinin köməyi ilə Xocalıda xalqımıza qarşı törətdikləri soyqırımı bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri kimi qiymətləndirib, məhz ümummilli lider Heydər Əliyev tərəfindən bu qanlı cinayətə siyasi və hüquqi qiymətin verildiyini diqqətə çatdırıb, xalqımıza qarşı törədilən qətliamların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıblar. Azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiyaların tarixinə nəzər salaraq bildirilib ki, qan yaddaşımıza çevrilmiş bu hadisə unudulmamalı, soyqırımı qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşamalıdır.

Sonra çıxış edənlər Azərbaycanın xarici siyasətində Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına dair mühüm işlərin aparıldığını deyib. “Xocalıya ədalət!” beynəlxalq təbliğat və maarifləndirmə kompaniyasının bu soyqırımı dünyada tanınmasının əhəmiyyətindən danışılıb. Dünyada 2 ölkənin Xocalıda baş verənləri soyqırımı, 11 ölkənin, o cümlədən ABŞ-ın 22 ştatının isə qətliam kimi tanıdığı qeyd edilib.

Tədbirdə, həmçinin AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Zoologiya İnstitutunun direktoru Elman Yusifov, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova, Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, “Qarabağ Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” İB-nin sədri Əlövsət Qasımov, BMT yanında İnsan Haqları Bürosunun Beynəlxalq Əlaqələr Departamentinin sədr müavini Firdovsi Ələkbərov, Beynəlxalq Diaspor Mərkəzinin sədri, BMT yanında İnsan Haqları Bürosunun Azərbaycan üzrə komissarı İsmayıl Ağayev və digərləri çıxış edərək Xocalı hadisələrinin beynəlxalq terror aktı olduğunu vurğulayaraq, bu hadisənin günahkarlarının layiqli cəzalarını alacaqlarına əminliklərini ifadə ediblər.

Sonda Xocalı soyqırımına həsr olunan "Qəzəb" filmi nümayiş etdirilib.