Xəbərlər
05.07.2019 - 15:00
AMEA AZAD HƏMKARLAR İTTİFAQININ SƏDRİ H.Ü.E.D.,PROFESSOR HABİL QURBANOVUN AHİK-İN MƏCLİSİNDƏ ÇIXIŞI

 

MÜASİR DÖVRDƏ HƏMKARLAR  İTTİFAQLARINA YENİ ÜZVLƏRİN CƏLBİNDƏ MOTİVASİYANIN ROLU, BEYNƏLXALQ TƏCRÜBƏ VƏ AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARININ VƏZİFƏLƏRİ

 

Bildiyimiz kimi, əsası XIX əsrdə İngiltərədə qoyulan həmkarlar ittifaqı təşkilatı uzun və mürəkkəb  inkişaf yolu keçmiş və hal-hazırda dünyanın ən böyük ictimai təşkilatı funksiyasını daşımaqdadır. Öz fəaliyyətini beynəlxalq və yerli qanunlarla tənzimləyən həmkarlar təşkilatı müxtəlif ölkələrdə fərqli inkişaf  xətti keçmişdir. Bu da  hər bir ölkənin sosio-mədəni mühiti, iqtisadi-siyasi formasiyası, inkişaf amilləri ilə birbaşa bağlıdır. Tarixin müəyyən mərhələsində hər-hansı bir ölkədə, toplumda baş verən siyasi, iqtisadi, mədəni dəyişikliklər cəmiyyətin bütün sferalarına təsir etdiyi kimi sosial münasibətlərə, xüsusən də əmək münasibətlərinə də təsirsiz ötüşməmişdir.  Cəmiyyətdəki inkişaf və dəyişikliklərlə birbaşa əlaqəli olan həmkarlar təşkilatları formalaşdığı dövrdə öz işini hər zaman bu inkişaf və dəyişikliklərə uyğunlaşdırmışdır.  Bu baxımdan Azərbaycanda fəaliyyət göstərən həmkarlar təşkilatları da öz işini Respublikamızda baş verən sosial, hüquqi dəyişikliklər və ümumi inkişaf dinamikasına uyğun müəyyən etməkdədirlər.

Bildiyimiz kimi, Azərbaycan 1990-cı illərdə tarixinin ən mürəkkəb dövrünü yaşayırdı. Belə ki, ölkəmiz çökməkdə olan Sovet İttifaqının qanlı caynağından qurtulmaq, müstəqil olmaq uğrunda mübarizə apararkən, digər tərəfdən də işğalçı Ermənistanla müharibə şəraitində idi. Eyni zamanda, ölkəmizin sosializm formasiyasından kapitalizmə heç də asan olmayan keçidi vəziyyəti daha da ağırlaşdırırdı. Belə bir ağır və çətin dövrdə Azərbaycan həmkarlar ittifaqları cəmiyyətdə öz mövqeyini itirməmək üçün gərgin fəaliyyət aparmaq məcburiyyətində idilər. Müstəqil Azərbaycanın yenicə formalaşan qanunvericilik bazasında olan boşluqlar, beynəlxalq həmkarlar təşkilatları ilə birbaşa əlaqələrin qurulmaması vəziyyəti daha da ağırlaşdırır, bəzi hallarda isə çıxılmaz edirdidi. Tam əminliklə deyə bilərik ki, Respublikmızın həmkarlar təşkilatları üçün bu ağır dövrdə ən əsas, vacib və dəyərli arxa-dayağımız ümummilli liderimiz möhtərəm Heydər Əliyev oldu. Məhz onun birbaşa müdaxiləsi, səyləri və əzmkarlığı sayəsində həmkarlar təşkilatları cəmiyyətdə öz mövqelərini nəinki qoruyub saxlaya bildi, hətta əvvəlki dövrlərlə müqayisədə daha çox nüfuz qazandı. Həmkarlar ittifaqlarına olan bu qayğı və dəstək hal-hazırda da möhtərəm cənab prezident İlham Əliyevin bütün sahələrdə yürütdüyü dərin, düşünülmüş və müdrik syasəti ilə özünü biruzə verməkdədir. Hal-hazırda Azərbaycanda mövcud olan həmkarlar təşkilatlarının tam sərbəst fəaliyyəti, dinamik inkişafı üçün Respublikamızda lazımi qanunlar qəbul edilmiş, ölkəmiz bu sahədə bir çox beynəlxalq qanun və konvensiyalara qoşulmuş, beynəlxalq əlaqələrimiz isə ən yüksək səviyyədədir. Ölkə rəhbərliyinin həmkarlar təşkilatlarına göstərdiyi bu diqqət və qayğısı əlbəttə ki, həmkarlar təşkiatlarına rəhbərlik edən şəxslər və ümumən bütün üzvlər qarşısında ciddi bir məsuliyyət qoyur və daha dinamik iş tələb edir. Tam əminliklə deyə bilərik ki, bugün Azərbaycan həmkarlar ittifaqları, ona rəhbərlik edən məsul şəxslər cənab İlham Əliyevin bütün sahələrdə olduğu kimi, həmkalar ittifaqları ilə bağlı diqqət və qayğısını da dərin qədirşünaslıqla qiymətləndirir və etimadı daim doğrultmağa çalışır. Bugün Azərbaycan həmkarlar ittifaqları öz işini daim irəli gedən, müasirləşən Azərbaycanın inkişaf dinamikasına uyğun olaraq müəyyən edən, ciddi və işgüzar bir təşkilatdır. Lakin, bu da bir həqiqətdir ki, Respublikamızın dinamik inkişaf tempini öz işimizdə tam tətbiq edə bilmək üçün yeni yanaşmalara da ehtiyac duyulur. Bunlardan biri kimi həmkarlar ittifaqlarına yeni üzvlərin cəlb edilməsində motivasiyaların, başqa sözlə həvəsləndirici, təşviqedici yeni yanaşmaların tədbiqidir. Beynəlxalq təcrübə göstərir ki, son 10 ildə bir sıra dövlətlərdə, məsələn Macarıstan, Çexiya, Bolqarıstan hətta Amerika Birləşmiş Ştatlarında həmkarlar ittifaqlarının üzvlərinin sayı azalmaqdadır. Norveç, Danimarka, İngiltərə, Fransa, Yaponiya kimi ölkələrdə isə əksinə, üzvlərin sayı artmaqdadır. Mütəxəssislərin fikrincə, adları qeyd edilən dövlətlərdə həmkarlar təşkilatları üzvlərinin azalmasının  əsas səbəbi yeni üzvlərin qəbulu prosesində ənənəvilik prinsipi ilə fəaliyyət göstərməkdən irəli gəlir. Başqa sözlə, həmkalar təşkilatları cəmiyyətdə, işçilər arasında mövcud olan öz nüfuz dairsəinə, gücünə arxayın olmuş və yeni üzvlərin cəlb edilməsi işində yeni motivasiyaların işlənilib hazırlanmasını, tətbiqini nəzərdən qaçırmışlar. Həmkarlar təşkilatları üzvlərinin sayı artan dövlətlərdə isə yeni üzvlərin cəlb edilməsi üçün yeni motivasiyalar işlənib hazırlanmış və uğurla tətbiq edilmişdir. Beynəlxalq təcrübəyə əsaslanaraq deyə bilərik ki, yeni üzvlərin cəlb edilməsində motivasiyaların tətbiqi Respublikamızdakı həmkarlar təşkilatlarının üzvlərinin sayının artmasında müsbət dinamika göstərə bilər. Bu baxımdan daha yaxşı olardı ki, əsasən aşağıdakı istiqamətlər üzrə fəaliyyət  daha da gücləndirilsin:

Həmkarlar təşkilatlarının fəalları işə yeni qəbul edilən gənc kadrlarla fərdi qaydada marifləndirmə işləri aparmalı, həmkarlar təşkilatına üzv olmağın onlar üçün nə qədər faydalı olduğunu izah etməlidirlər. Bu zaman şifahi izahatla bərabər, broşur şəklində yazılı metodik vasitələrdən, həmkarlar təşkilatının fəaliyyətini əks etdirən video görüntülərdən də  istifadə edilə bilər. Digər tərəfdən böyük yaş qrupuna daxil olan, lakin işlədiyi müəssisəsədə hələ də həmkarlar təşkilatına üzv olmayan işçilərlə həmkarlar təşkilatının fəalları arasında söhbətlər aparılmalı, onların nə üçün həmkarlar təşkilatına üzv olmadıqları aydınlaşırılmalı, bu istiqamətdə hər-hansı bir problem mövcuddursa mütləq aradan qaldırılmalı, işçinin həmkarlar təşkilatına maraq göstərməsi, üzv olmaq istəyi istiqamətində müvafiq işlər aparılmalıdır.

Bildiyimiz kimi, bugün Respublikamızda çoxsaylı özəl qurumlar, idarə və müəssisələr fəaliyyət göstərir. Ölkəmizin inkişaf tempinə uyğun olaraq özəl sektorun sayı daim artmaqdadır. Lakin, bir sıra hallarda bu özəl sektorda həmkarlar ittifaqlarının işi ya zəif qurulur, ya da heç fəaliyyət göstərmir. Bu cür özəl qurumların rəhbərləri kollektivləri ilə maarifləndirici işlər aparmalı, bu kollektivlərdə həmkarlar təşkilatının fəaliyyətinin vacibliyi, faydalı olduğu nəzərə çatdırılmalıdır. Bu özəl qurumların kollektivlərinə  xüsusi olaraq izah edilməlidir ki, onların çalışdığı qurumlarda həmkarlar ittifaqının fəaliyyəti bu özəl qurumun çoxmilyonluq həmkarlar ittifaqları ailəsinə qoşulmaq və bununla da onların nüfuzunu artırmaq imkanı yarada bilər.

Əlbəttə, qeyd edilən bu istiqamətlər üzrə həmkarlar ittifaqlarında, kollektiv və qurumlarda işlər aparılr, yeni motivasiyalar nəzərə çarpır. Lakin, zənnimcə həmkarlar ittifaqlarına yeni üzvlərin cəlb edilməsi istiqamətində yuxarıda qeyd etdiyim, və yaxud hər-hansı digər motivasiyaların tətbiqi ümumi işimizin xeyrinə olar, sıralarımız daha da artar, nüfuzumuz daha da güclənər.