Xəbərlər
15.07.2019 - 17:00
“QOŞA QANAD: VI FİZİKA VƏ LİRİKA KONFRANSI”NIN İŞTİRAKÇILARI YT PARKIN İSTEHSAL PROSESİ İLƏ TANIŞ OLUBLAR

Azad Həmkarlar İttifaqı və N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) “Qoşa qanad: VI Fizika və lirika konfransı” keçirilib.

Konfransdan əvvəl qonaqlar Yüksək Texnologiyalar Parkı ilə yaxından tanış olublar. YT Parkın direktoru, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürovbildirib ki, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli elmtutumlu istehsalın inkişafı, Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması, eləcə də ölkə alimlərinin əldə etdiyi nəticələrin kommersiyalaşdırılması bu qurumun əsas məqsədlərindəndir.

İştirakçılar AMEA-nın təşəbbüsü ilə yaradılmış, beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş akademiya laboratoriyasında olublar. Onlara laboratoriyanın imkanları, burada göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.

Sonra qonaqlar hazır neft məhsulları və onların istehsal prosesi, hərbi və mülki təyinatlı dron və ya pilotsuz uçuş aparatları (PUA) ilə tanış olublar. YT Parkda həyata keçirilən layihələr, buradakı maddi-texniki baza və müasir tələblərə cavab verən iş şəraiti konfrans iştirakçılarının böyük marağına səbəb olub.