Xəbərlər
07.10.2019 - 14:00
SEVİMLİ İSTİRAHƏT MƏRKƏZİ

Azərbaycanın ən böyük və qocaman elm məbədgahı olan Azərbaycan Milli Elmlər Akademiyasında çalışan əməkdaşların və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması hər zaman diqqət mərkəzində olmuşdur. Bu mənada AMEA Dendrologiya İnstitutunun bazasında fəaliyyət göstərən “Elm” uşaq istirahət düşərgəsini nümunə göstərmək olar. Hər il olduğu kimi bu il də düşərgə AMEA əməkdaşlarının övladlarının sevimli istirahət məkanına çevrilmişdi. Akademiya rəhbərliyinin birbaşa qayğısı və AMEA Azad Həmkarlar İttifaqının və Dendrologiya İnstitutunun rəhbərliyinin dəstəyi ilə düşərgədə bu il də Akademiya əməkdaşlarının uşaqları səmərəli istirahət etmişlər. Düşərgədə uşaqların sağlam istirahətləri, maraqlı və xoş xatirələrlə zəngin əyləncələri üçün hər cür şərait yaradılmışdır. Burada balacalara göstərilən diqqət və qayğı, mövcud şərait hər il daha da inkişaf etdirilir, yaxşılaşdırılır. Ən əsası isə düşərgədə hökm sürən səliqə-səhman, sanitar tələblərə tam əməl olunması, buranın uşaqların yaşlarına uyğun şəkildə təmir edilməsi, rənglənməsini qeyd etmək olar. Bunun nəticəsi olaraq hər il bu düşərgədə istirahət etmək istəyən uaqların sayı əvvəlki ildən daha çox olur. Uşaqların daha aktiv istirahət etmələri üçün düşərgə rəhbərliyi hər il yeni, maraqlı, innovativ əyləncələr təşkil edir. Bu il də yay tətili boyu burada dincələn uşaqlar bir sıra maraqlı viktorinaların, müsabiqələrin, ekskursiyaların iştirakçısı olmuş, müxtəlif idman növlərində güclərini sınamışlar. Əminliklə deyə bilərik ki, burada qazandıqları diplom və mükafatları balacalar unudulmaz xatirə kimi saxlayacaqlar. Uşaqların sağlam qidalanması, təhlükəsiz istirahətləri, daxili nizam – intizam qaydalarına  hamı  tərəfindən riayət edilməsi bu il də düşərgənin əsas iş prinsipi olmuşdur.  Düşərgənin rəisi Sultan Qasımov deyir ki, builki mövsüm xüsusilə əlamətdar olmuşdur. Belə ki, AMEA-nın rəhbərliyi mütəmadi olaraq düşərgəni nəzarətdə saxlamış, istirahət mövsümünün açılışından öncə və daha sonra  bura dəfələrlə səfər etmiş və uşaqların daha da yaxşı, səmərəli istirahətləri üçün lazımi diqqət və qayğını əsirgəməmişlər.

Düşərgədə uşaqların ən çox bəyəndikləri məqamlardan biri də burada çalışan kollektivin onlara olan mehriban, səmimi və peşəkar münasibəti idi. Belə bir sağlam mühitdə istirahət edən uşaqlar həm də bir-birinə isinişmiş və buranı gələn yay bir daha geri dönmək arzusu ilə dost kimi tərk etmişlər. Burada bir-birindən maraqlı anlar yaşamış məktəblilər, yəqin ki, xoş xatirələrlə dolu günlərini uzun illər yaddaşlarında yaşadacaqlar. Əminliklə deyə bilərik ki, “Elm” düşərgəsində yay istirahətini keçirmiş uşaqlar yeni dərs ilinin ilk günlərindən  həmyaşıdları ilə buradakı xoş xatirələrini bölüşəcəklər. Bağ-bağatlı Mərdəkanda, Xəzərin qumlu sahillərində keçən yay tətili balacaların növbəti dərs ilində yaxşı oxumalarına, sağlam, enerjili böyümələrinə təsirsiz ötüşməyəcəkdir.