Xəbərlər
18.10.2019 - 15:00
AMEA RİYAZİYYAT VƏ MEXANİKA İNSTİTUTUNDA HƏMKARLAR KOMİTƏSİNİN TƏŞƏBBÜSÜ İLƏ DÖVLƏT MÜSTƏQİLLİK GÜNÜ KEÇİRİLDİ

18 oktyabr 2019-ci il tarixində AMEA Riyaziyyat və Mexanika İnstitutunda HİK-nın təşəbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2005-ci il dekabrın 2-dən Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ilə Dövlət Müstəqillik günü ilə əlaqədar görüş keçirildi. Görüşdə AMEA-nın Həmkarlar Komitəsinin Sədri professor Habil Qurbanov da iştirak etdi.

Tədbiri giriş sözü ilə açan AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov institutun əməkdaşlarını bayram münasibəti ilə təbrik etdi və Bahar Muradovaya təklifimiz qəbul etdiyinə görə minnətdarlığını bildirdi.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Bahar Muradova öz çıxışında Döblət Müstəqillik gününün yaranma tarixi haqqında məlumat verdi:

“Tarix dəfərlərlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Talə elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi.

1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında  Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir.

Dövlətçiliyin möhkəmləndirilməsinə,iqtisadiyyatın inkişafına, milli-mənəvi 

dəyərlərin qorunub saxlanmasına eyni dərəcədə diqqət verilir.

         Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda,

həm də dünyada lider mövqeyə çatıb. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir.“Əsrin müqaviləsi” çərçivəsində reallaşan “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri artıq neftimizi dünya bazarına çıxarır. Bu kəmər həm Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına, həm də xalqımızın daha firavan yaşamasında mühüm rol oynayır”.

Tədbirin sonunda Riyaziyyat və Mexanika İnstitutun direktoru, professor Misir Mərdanov 2019-cu ildə nəşrdən çıxmış, müəllifi olduğu “Azərbaycan Riyaziyyatçıları” kitabını təqdim etdi. Riyaziyyat və Mexanika İnstitutunun HİK-in sədri, dosent İrada Mirzəzadə həmkarlar təşkilatı tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Bahar Muradovaya öz təşəkkürünü bildirdib, gül dəstəsi təqdim etdi.