Xəbərlər
04.12.2019 - 12:00
“İLİN PEŞƏKAR GƏNCİ” MÜSABİQƏSİNİN QALİBLƏRİNİN MÜKAFATLANDIRILMASI İLƏ ƏLAQƏDAR TƏDBİR KEÇİRİLDİ

Dekabrın 2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən təşkil olunmuş “İlin peşəkar gənci” müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə əlaqədar tədbir  keçirildi

Tədbirdə AHİK-in sədri Səttar Möhbalıyev AMEA-nı bu müsabiqədə təmsil etmiş İnformasiya Texnologiyaları İnstitutunun elmi işçisi  Babək Rasim oğlu Nəbiyevi, Kataliz və Qeyri-üzvi  Kimya İnstitutunun elmi işçisi Elmir Məqsəd oğlu Babayevi, Tarix İnstitutunun elmi işçisi Lamiyə Rasim qızı Qfar-zadəni, Neft Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi Nərminə Rüfət qızı Abdullayevanı müsabiqənin qalibləri olaraq təbrik etmiş və onları diplom və döş nişanları ilə təltif etmişdir.

Tədbirdən sonra AMEA Azad Həmkarlar İttifaqının sədri professor Habil Qurbanov “İlin peşəkar gənci” adına layiq görülmüş AMEA əməkdaşları ilə görüş keçirdi. O, gənc əməkdaşları bu mötəbər müsabiqədə qələbə qazanmaqları münasibəti ilə təbrik etdi. Habil Qurbanov bildirdi ki, müsabiqədə iştirak etmək üçün çoxsaylı müraciətlər edilmişdi. Lakin ən layiqli olanlar qalib seçilmişlər. Bu baxımdan sizin belə bir mötəbər müsabiqədə qalib gəlməyiniz  həm də AMEA-nın uğurudur. Bu qələbə AMEA-nın gənc kadrlarının elmimiz üçün ümidverici potensiala sahib olduqlarının daha bir göstəricisidir. Əlbəttə ki, bütün bunların arxasında cənab Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, elm və gəncliyə göstərdiyi diqqət və qayğısı, yaradılan gözəl şərait durur. AMEA-nın əməkdaşları ölkə rəhbərliyinin elm və təhsil istiqamətində həyata keçirdiyi islahatları, siyasi kursu hər zaman dəstəkləmiş, bundan faydalanmağa çalışmış və ölkəmizin dinamik inkişafına öz töhfələrini vermişlər. Bu baxımdan, Akademiyanın gənc alimlərinin üzərinə böyük bir məsuliyyət düşür. Siz bu müsabiqədəki AMEA rəhbərliyinin gənc elmi kadrların hazırlanması istiqamətindəki fəaliyyətinin düzgün istiqamətləndirildiyini  bir daha nümayiş etdirdiniz. Ümidvaram ki, bu qələbəniz sizin gələcək elmi fəaliyyətinizdə yeni stimul rolunu oynayacaq, uğurlarınız davamlı olacaqdır. Sonda, professor Habil Qurbanov gənclərə elmi fəaliyyətdə olduğu kimi, ictimai işlərində də fəal olmağı, ölkəmizin bütün sahələrdə müşahidə edilən inkişafına töhfələrini verməyi tövsiyyə etdi.