Xəbərlər
12.12.2019 - 11:00
AHİK-DƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN XATİRƏSI ANILDI

Dekabrın 11-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbirdə AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək bildirib ki, biz bu gün ümummilli lider H.Əliyevin anım mərasiminə toplaşmışıq. Öz xalqı, Vətəni üçün çoxlarının görə bilmədiyi işləri görən, ölkəsinin gələcək inkişaf yollarını düzgün müəyyən etmiş və cəmiyyəti bu yolun düzgünlüyünə inandıra bilən H.Əliyevin xidmətləri yalnız öz xalqının xilaskarı sayılan tarixi şəxsiyyətlərin xidmətləri ilə müqayisə oluna bilər. Ən başlıcası odur ki, ümummilli lider müdrik rəhbər kimi hər bir azərbaycanlını müstəqilliyimizin qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa və yaşatmağa istiqamətləndirə bilmişdir.
 
Sovet dönəmində (1969-1983-cü illər) respublikaya rəhbərlik etdiyi illərdə o, keçmiş Sovetlər İttifaqının aqrar respublikalarından biri kimi tanınan Azərbaycanı sənaye ölkəsinə çevirmiş, onun təkcə Bakı nefti ilə deyil, o dövrün ən müasir texnologiyaları əsasında buraxılan məhsulları ilə də tanınmasına nail olmuşdu. Heydər Əliyev Azərbaycanı ittifaq büdcəsinin dotasiyasından asılı olmayan, özünü tam təchiz edə bilən bir respublika kimi tanıda bilmişdi.
 
Uzun illər ərzində nəinki xarici ölkələrdə, Sovet İttifaqının özündə belə yalnız neftə görə adı çəkilən Azərbaycan ulu öndərin rəhbərliyi dövründə həm də böyük mədəniyyət ölkəsinə çevrilmişdir.
S. Möhbalıyev qeyd edib ki, Azərbaycan Həmkarlar İttifaqlarının möhkəmləndiril-məsində, onun sıralarının genişləndirilməsində, vətəndaş cəmiyyətində özünə layiq yer tutmasında ulu öndərin tutduğu mövqe bizə yaxşı məlumdur. Hələ Sovet İttifaqı dövründə ulu öndər həmkarlar ittifaqına özünün diqqət və qayğısı ilə seçilmişdir. Həmin dövrdə Azərbaycan Həmkarlar İttifaqlarının keçirdiyi tədbirlərində, o cümlədən, əksər qurultaylarında iştirak etmişdir.
Hələ 1982-ci il fevralın 6-da keçirilən respublika həmkarlar ittifaqlarının XVI qurultayındakı nitqində Heydər Əliyev demişdir:    «Azərbaycan Həmkarlar İttifaqlarının iş təcrübəsi inandırıcı şəkildə sübut edir ki, onlar öz qarşılarında duran böyük və mürəkkəb vəzifələri müvəffəqiyyətlə yerinə yetirirlər».
 
İşçilərin sağlamlığının qorunması, onların mənalı istirahətlərinin təşkili ümummilli liderin daimi diqqətində olmuşdur. Məhz onun respublikaya rəhbərliyi müddətində «Günəşli», «Pirşağı», «Şıx» «Lənkəran» sanatoriyaları, «Qala-Altı» pansionatı tikilib istifadəyə verilmişdir. Respublikada kurort zonasının yaradılması məqsədi ilə hörmətli prezident H.Əliyevin təklif və təkidi ilə SSRİ Nazirlər Soveti 1983-cü ildə «Azərbaycanın Xəzər dənizi sahilində Ümumittifaq əhəmiyyətli kurort zonasının yaradılması» haqqında xüsusi qərar qəbul etmişdir. Bu illərdə kolxozlararası sağlamlıq ocaqlarının genişləndirilməsinə nail olunmuş, respublikanın bir sıra ərazilərində, o cümlədən Ağdam, Bərdə, Şahbuz, Qax və digər rayonlarda sanatoriya sağlamlıq ocaqları tikilib istifadəyə verilmişdir.
 
Məktəblilərin və yeniyetmələrin yay  mövsümündə istirahətlərinin təşkilinə diqqət artırılmış, keçən əsrin 80-ci illərin əvvəllərində uşaq, sağlamlıq düşərgələrinin  və orada istirahət edənlərin sayı isə xeyli artmışdır.
Xankəndi, Mingəçevir, Naxçıvan, Şuşa şəhərlərində, Zaqatala, Qəbələ rayonlarında, Yalama «Dostluq» və digər ərazilərdə  səyahətlər və ekskursiyalar bürosu yaradılmış, «Qarabağ» və «Abşeron» turist mehmanxanaları tikilib istifadəyə verilmişdir.
  1993-cü ildə Azərbaycan xalqının təkidi və tələbi ilə yenidən respublika rəhbərliyinə qayıtmış Heydər Əliyev ilk növbədə ölkədə hökm sürən dərəbəyliyi və özbaşınalığı, xaosu aradan qaldırmağı qarşısına məqsəd qoymuş və çox çətinliklə də olsa, qısa müddətdə buna nail olmuşdu.
AHİK sədri deyib ki, Heydər Əliyevin 1993-2003-cü illərdəki fəaliyyətinə bu gün yenidən nəzər saldıqda onun tükənməz enerjisinə və bu illər ərzində təkcə xarici ölkələrə etdiyi səfərlərin sayına heyrət etməmək olmur. Ölkədə daxili vəziyyəti sabitləşdirməyə nail olan ulu öndər 10 il ərzində 108-dən çox xarici səfər etmişdir.
 
Azərbaycanın müstəqilliyinin əbədi olduğunu dəfələrlə qeyd edən ümummilli lider bu müstəqilliyə xələl gətirə biləcək ən cüzi güzəşti belə qəbul etmirdi. Ümummilli liderin respublikaya rəhbərlik etdiyi illəri müstəqil Azərbaycanın beynəlxalq təşkilatların tamhüquqlu üzvü olması illəri kimi səciyyələndirmək olar. Bu illərdə Azərbaycan Avropa Şurası Parlament    Assambleyasının, ATƏT-in, MDB-nin, GUAM-ın, İƏT-in, YUNESCO-nun, ISESCO-nun və digər çoxsaylı təşkilatların tamhüquqlu üzvü və bəzi regional təşkilatların, o cümlədən GUAM-ın, TÜRKSOY-un yaranmasının təşəbbüskarı olmuşdur.
 
Heydər Əliyev beynəlxalq təşkilatların Azərbaycana yanlış münasibətinə, o cümlədən Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına laqeyd yanaşmasına son dərəcə kəskin reaksiya verir, bunu beynəlxalq hüquq normalarının ən kobud şəkildə pozulması kimi qiymətləndirirdi. Ulu öndər ikili standartlar siyasətinin ən qəti əleyhdarlarından biri idi və Azərbaycan torpaqlarının işğalına münasibətdə buna daha çox yol verilməsini həmişə kəskin tənqid edir və bu barədə ürək ağrısı ilə danışardı.
 
İlk vaxtlarda beynəlxalq təşkilatların imkanlarına, onların obyektivliyinə böyük ümidlər bəsləyən, o cümlədən Qarabağ məsələsinin həllində bu təşkilatlardan ədalətli mövqe gözləyən Heydər Əliyev sonralar burada yol verilən ikili standartların ilk və kəskin tənqidçilərindən biri olmuşdur. O, böyük dövlətlərin hamıya eyni mövqedən yanaşmadığını BMT-nin tribunasından deməyə özündə cəsarət tapmış, Azərbaycana dəfələrlə səfər etmiş ATƏT nümayəndələrinin düzgün mövqe tutmadığını onların üzünə şax deməyi bacarmışdı.
 
S. Möhbalıyev bildirib ki, Ümummilli lider Heydər Əliyevin əsas xidmətlərindən biri də o olmuşdur ki, Azərbaycan onun sayəsində bir çox böyük, qlobal iqtisadi layihələrə imza atmış, dünya iqtisadiyyatına inteqrasiya etmişdir. Azərbaycan iqtisadiyyatı ulu öndərin təşəbbüs və təklifləri ilə bir çox beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin («Əsrin müqaviləsi») müəllifinə və fəal iştirakçısına çevrilmişdir.  TRASEKA adlı proqramın həyata keçirilməsi Azərbaycanın sonrakı illərdə böyük tranzit ölkəyə çevrilməsində mühüm rol oynamışdır. Bu proqram Böyük İpək yolunun bərpası üçün mühüm vasitə olmuşdur.
Heydər Əliyev dünya siyasətçiləri arasında xüsusi nüfuz qazanmışdır. Dünyanın böyük dövlət xadimləri, siyasətçiləri onun dedikləri ilə hesablaşmış, bu böyük dövlət xadimi haqqında öz rəylərini bildirərkən onun dünyagörüşünə, şəxsiyyətinə, prinsipial mövqeyinə və iradəsinə öz heyranlıqlarını bildirməkdən çəkinməmişlər. Ulu öndər tərəfindən Cinayət Məcəlləsindən ölüm hökmünün icrası ilə bağlı maddənin aradan qaldırılması dünya dövlətləri tərəfindən çox yüksək qiymətləndirmişdir.
 
Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra AHİK-in mütəxəssisləri tərəfindən həmkarlar ittifaqlarının yerini və statusunu dəqiq müəyyənləşdirən qanun layihəsini hazırlanmış və təsdiq üçün Milli Məclisə təqdim edilmişdir. Bütün cəhdlərimizə baxmayaraq bu layihə Milli Məclisin müzakirəsinə belə çıxarılmadı. Ulu öndərin xeyir-duası və tam dəstəyi ilə AHİK-in işləyib hazırladığı layihə əsasında həmkarlar ittifaqlarının fəaliyyətini müasir tələblər səviyyəsində tənzimləyən və beynəlxalq həmkarlar ittifaqı təcrübəsinə tam əsaslanan «Həmkarlar İttifaqları haqqında» Azərbaycan Respublikasının 24 fevral 1994-cü il tarixli Qanunu qəbul edildi.
 
Ulu öndərin yaxından köməkliyi ilə Azərbaycan Həmkarlar İttifaqlarının bütün təşkilatlarının, müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, onun birbaşa köməkliyi ilə həmkarlar ittifaqlarının vəsaiti hesabına bir sıra mədəniyyət, sağlamlıq-müalicə obyektləri və idman qurğuları tikilib əməkçilərin istifadəsinə verilmişdir.
Azərbaycan həmkarlar ittifaqlarının keçirdiyi bütün tədbirlərə diqqət və qayğı ilə yanaşan ümummilli lider H.Əliyev AHİK-in I və II qurultaylarına təbrik məktubu ünvanlamışdır.
 
AHİK sədri vurğulayıb ki, Ulu öndərin hakimiyyətə qayıdışı müsavat xalq cəbhəsi cütlüyünun hakimiyyəti dövründə həmkarlar ittifaqlarının mülkiyyəti ilə əlaqədar qəbul etdikləri ədalətsiz qərarların  aradan qaldırılması ilə nəticələnmişdir. Həmkarlar ittifaqlarının mülkiyyətinə göz dikərək, hətta onun yerləşdiyi inzibati binasını belə almağa səy göstərdilər. Doğrudur, həmkarlar ittifaqlarının qətiyyətli addımları onların bu istəklərini həyata keçirməyə imkan verməsə də, bu qüvvələrin həmkarlar ittifaqlarının işinə yerli-yersiz müdaxilələrə son qoymaq fikirləri yox idi. Məhz ümummilli liderimiz H.Əliyevin həmin vaxt bu məsələyə müdaxiləsi nəticəsində Azərbaycan Həmkarlar İttifaqları yenidən ölkənin ictimai, siyasi, iqtisadi və mədəni həyatında layiqli yeri olan təşkilata çevrildi. Həmin dövrdə qeyri-qanuni verilmiş sərəncam və göstərişlər, o cümlədən sağlamlıq və müalicə ocaqlarının Səhiyyə Nazirliyinin balansına verilməsi ilə bağlı qərarlar ləğv edildi və həmkarlar ittifaqlarının mülkiyyəti olan kurort-turizm obyektlərinin genişləndirilməsi, idman obyektlərinin, inzibati binalarının yenidən qurulmasına start verildi. Bütün bunlar isə ulu öndərin işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəçisi olan həmkarlar ittifaqlarına münasibətinin bariz nümunəsi idi.
 
Ulu öndərin AHİK-in qurultaylarında iştirak edən beynəlxalq və xarici ölkə həmkarlar ittifaqlarının rəhbərləri ilə görüşündə respublika həmkarlar ittifaqlarına, o cümlədən AHİK-ə yüksək qiymət verməsi, onların fəaliyyətinin genişləndirilməsi üçün mühüm addımlar atılacağını bildirməsi və bu görüşlərdən birində özünün də həmkarlar ittifaqının üzvü olduğunu və müntəzəm olaraq üzvlük haqqını ödədiyini iftixarla söyləməsi ulu öndərin həmkarlar ittifaqına olan ən böyük inamı idi.
 
S. Möhbalıyev daha sonra bildirib ki, həmkarlar ittifaqlarına doğma münasibəti ulu öndər Heydər Əliyevin siyasi kursunun sadiq davamçısı ölkə Prezidenti İlham  Əliyev cənablarından da görürük. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təkliflərinin hökumət və şəxsən hörmətli Prezidentimiz tərəfindən daim müdafiə olunması bunun bariz nümunəsidir. Əhalinin sağlamlığının qorunması, bütün kateqoriyalardan olan insanların əməkhaqlarının, pensiyalarının, eləcə də işsizliyə görə müavinətlərin həcminin artırılması ilə əlaqədar verilən təkliflərin, demək olar ki, çoxusu qəbul olunmuşdur. «Həmkarlar ittifaqları haqqında» Qanuna, Əmək və İnzibati Xətalar Məcəllələrinə edilən bir sıra dəyişiklik və əlavələr cəmiyyətdə həmkarlar ittifaqının rolu və statusunun daha da artmasına, onun  maliyyə vəziyyətinin möhkəmlənməsinə şərait yaratmışdır.
 
Bu gün ölkə prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin genişmiqyaslı inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr Azərbaycanın hərtərəfli yeniləşməsi, doğma vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişiklər məhz ulu öndərin müəyyənləşdirdiyi yolun layiqincə davamıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın daha xoş sabaha olan inamını qat-qat artırır.
 
Möhtərəm prezidentimiz təşkilatımızın yaradılmasının yubileyləri, AHİK-in qurultayları ərəfəsində, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının yaradılmasının 40 illiyi münasibətilə həmkarlar ittifaqı hərəkatında, kurort, turizm sistemi və səhiyyənin inkişafındakı xidmətlərinə görə həmkarlar ittifaqlarının 450 işçisini fəxri adlarla, orden və medallarla mükafatlandırmışdır.
 
Bu gün hörmətli prezidentimiz İ.Əliyevin rəhbərliyi ilə həmkarlar ittifaqlarının da tamamilə dəstəklədiyi və maraq dairəsində olan sosial islahatları uğurla davam etdirilir. Cari ildə 4 milyon 200 mindən artıq insan çox geniş sosial  paketlə əhatə olunubdur və minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə artmışdır. Minimum əməkhaqqı, müavinətlər təxminən 2   dəfə, minimum pensiya 70 faizdən çox artmışdır. Bu il orta aylıq əməkhaqqı 35 faiz artmışdır. Nəticədə respublika üzrə orta əməkhaqqı 723 manat (425 ABŞ dolları) təşkil edir. Kölgə iqtisadiyyatına qarşı ciddi mübarizə aparılır, indiyədək 100 mindən çox iş yeri leqallaşdırılıb və onlar rəsmiləşdirilib. Əlbəttə, bütün bunlar respublika rəhbərliyinin sosial siyasətinin bariz nümunəsidir.
 
Ölkədə aparılan islahatları, eyni zamanda Azərbaycanın beynəlxalq imicini yüksəldir və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Məhz bütün bunlara görədir ki, Prezident xalqına, xalq isə öz liderinə güvənir. 2019-cu ilin ötən dövrünə, ictimai-siyasi və sosial həyatda baş verən hadisələrə nəzər yetirsək görərir ki, vətəndaşlarla birbaşa təmaslara üstünlük verən, özünəməxsus təmkin və həssaslıqla onların problemlərini dinləyən və dərhal həlli üçün qəti tapşırıqlar verən cənab İlham Əliyevin atdığı addımlar, sosial-iqtisadi və yeni kadr islahatları xalqın Prezidentinə olan etimadını daha da artırıb.
 
S. Möhbalıyev deyib ki, Prezident İlham Əliyevin inkişaf konsepsiyası Heydər Əliyev Fondunun layihələri ilə daha da dolğunlaşmış, ölkəmizin dünyada təbliğinə geniş imkanlar açmışdır. Bu siyasətin həyata keçirilməsinə Mehriban xanım Əliyeva dəyərli töhfələr verir. Mehriban xanımın təşəbbüs və təklifləri müxtəlif sivilizasiya platformalarının qovuşuğunda yerləşən Azərbaycanın sosial-humanitar və mədəni modernləşməsinin hərəkətverici amilinə çevrilibdir. Mehriban xanım Əliyevanın Azərbaycanın müstəqil dövlətçiliyi, millətin sosial-mədəni inkişafı, milli dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi, ölkəmizin dünyada yüksək və qədim mədəniyyətyə, müasir demokratik və ədalətli idarəetmə metoduna malik müstəqil dövlət kimi tanınmasında böyük xidmətləri vardır.
 
Bütün bunlar Mehriban xanım Əliyevanın bir insan, şəxsiyyət və dövlət xadimi kimi necə yüksək keyfiyyətlərə ialik olduğunun parlaq təzahürüdür.
Həyatının mənasını yalnız xalqına xidmətdə görmüş, ömrünü onun xoş firavan gələcəyinə həsr etməkdən şərəf duymuş Heydər Əliyev xalqının parlaq və işıqlı gələcəyi naminə ardıcıl, məqsədyönlü mübarizə aparmış, arzuladıqlarına, istədiklərinə nail olmuşdur. Ulu öndərin şah əsəri olan Azərbaycan onun layiqli davamçısı – dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha da inkişaf edəcək, strateji hədəflərə uğurla çatacaqdır.
 

 Tədbirdə AMEA Azad Həmkarlar İttifaqının sədri H. Qurbanov, Rabitə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri S. Orucov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini C. Məmmədov, Heydər Əliyev adına Ali Hərbi Məktəbin HİK sədri K. Mirzəyev çıxış edərək Ümummilli Liderin şərəfli və mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən və misilsiz xidmətlərindən söz açıblar. Bildirilib ki, dahi öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yüksək nailiyyətlər əldə edilib.